Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin Brüsseldə keçiriləcək iclasının gündəliyi açıqlanıb.
APA xəbər verir ki, Avropa İttifaqı (Aİ) Şurasının məlumatına əsasən nazirlər 4 istiqamətdə müzakirə aparacaqlar.
Qeyd olunub ki, iclasda Şərq Tərəfdaşlığının üzv və tərəfdaş ölkələrin ehtiyaclarının təmin edilməsinə necə davam edə biləcəyi, 2024-cü il üzrə birgə işin əsas prioritetləri, həmçinin Şərq Tərəfdaşlığı ölkələri üçün Aİ-nin İqtisadi və İnvestisiya Planının çatdırılmasının necə sürətləndirilməsi müzakirə olunacaq. Həmçinin Mərkəzi Asiya və Qərbi Balkanlar regionları arasında əməkdaşlığın artırılması və Qara Dəniz Sinergiyası kimi digər regional əməkdaşlıq siyasətləri müzakirə ediləcək.
Qeyd olunub ki, nazirlər, xüsusilə regional rouminq, yol təhlükəsizliyi və nəqliyyat sahəsində 2024-cü il üçün konkret nəticələrə dair öhdəlikləri möhkəmləndirməyi hədəfləyəcəklər.
**11:25
Bu gün Brüsseldə Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı proqramına üzv ölkələrin xarici işlər nazirlərinin iclası keçiriləcək.
Yerli KİV xəbər verir ki, Aİ-nin xarici işlər nazirlərinin 6 Şərq Tərəfdaşlığı ölkəsindən (Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova, Belarus) olan həmkarları ilə birgə iştirak edəcəkləri iclasa ittifaqın xarici siyasət idarəsinin rəhbəri Cozep Borrell sədrlik edəcək.
Yerli vaxtla 18:00-da başlaması planlaşdırılan iclasda Aİ-nin genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi də iştirak edəcək.
Aİ Şurasının məlumatına görə, iclasda nazirlər Şərq Tərəfdaşlığı, onun uğurlarına və gələcək siyasətinə dair konkret tövsiyələri müzakirə edəcəklər.