Bakıda Azərbaycan Könüllülərinin VI Həmrəylik Forumu keçirilib
YENİLƏNİB

Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan və Azərbaycanda fəaliyyət göstərən 3 minə yaxın könüllünün iştirak etdiyi “Azərbaycan Könüllülərinin VI Həmrəylik Forumu” keçirilib.


Senzor.az xəbər verir ki, Forum çərçivəsində Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə simvolik olaraq 100 Azərbaycan könüllüsü il ərzindəki fəal təşəbbüslərinə görə mükafatlandırılıblar.


Mükafatlandırılan könüllülərin çıxışları ilə davam edən Forumun gedişatında Azərbaycan könüllüləri adından cənab Prezident İlham Əliyevə müraciət ünvanlanıb.

**17:31

Azərbaycan Könüllülərinin VI Həmrəylik Forumunun iştirakçıları Azərbaycan könüllüləri adından Prezident İlham Əliyevə müraciət ünvanlayıb.


Senzor.az-ın məlumatına görə, müraciətdə deyilir:


"Möhtərəm cənab Prezident,


Müzəffər Ali Baş Komandan!


Sizin rəhbərliyiniz altında aparılan uğurlu siyasətin məntiqi nəticəsi olaraq Azərbaycan Respublikası Cənubi Qafqazın lider dövlətinə çevrilmiş, öz gücünə güvənən və tam müstəqil siyasət yürüdən ölkə olaraq dünya miqyasında tanınmışdır. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinə göstərdiyiniz xüsusi diqqət sayəsində Azərbaycan könüllüləri üçün geniş imkanlar yaradılmış, gənclərin milli-mənəvi dəyərlərə və eyni zamanda, müasir dövrün tələblərinə uyğun olaraq yetişməsi təmin edilmişdir.


Rəhbərliyinizlə keçirilən, əsas hədəfi dövlətimizin güclənməsi və Azərbaycan xalqının inkişafı və sosial rifahının yaxşılaşdırılması olan islahatlar, biz gənclərə göstərilən diqqət və qayğı Azərbaycan gənclərini və xüsusilə Azərbaycan könüllülərini olduqca qürurlandırır.


Ulu Öndər Heydər Əliyev azərbaycançılığı hər bir azərbaycanlının mənəvi kamilliyinin başlıca şərti bilirdi. Məhz azərbaycançılıq məfkurəsi və vətənpərvərlik hissi ilə Sizin Prezidentliyiniz dövründə yetişən gənclik 3 il bundan öncə başlayan və 44 gün davam edən “Vətən müharibəsi”ndə dəmir yumruğunuz ətrafında səfərbər olaraq 30 il düşmən tapdağı altında qalan torpaqlarımızın azad olunmasına öz töhfəsini verdi. Əldə olunmuş qələbə Sizin polad iradəniz və müzəffər Azərbaycan ordusunun yenilməzliyinin təcəssümü idi. Bu polad iradə və yenilməzlik sayəhsində Prezident seçilməyinizin 20-ci ilinə təsadüf edən bu il əzəli Azərbaycan torpağı olan Xankəndi də daxil olmaqla bütün ölkə ərazisində Dövlət Bayrağını ucaltmağınız biz gəncləri və könüllüləri bir daha qürurlandırır və yeni-yeni zəfərlərə ruhlandırır.


Biz gənclər Azərbaycan Könüllüləri olaraq daim sizin dəstəyinizi hiss etmişik. Sərəncamınıza əsasən 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan edilməsi fəaliyyətimizə verilən ən yüksək qiymət idi. 2019-cu il fevralında Azərbaycan Gəncləri Gününə həsr olunmuş Respublika Toplantısında etdiyiniz çağırışa əsasən bir çox dövlət qurumlarının nəzdində yaradılmış könüllü qrupları və könüllü təşkilatlarının birləşərək Azərbaycan Könüllü Təşkilatları İttifaqını təsis etməsi ölkəmizdə könüllülük hərəkatına yeni nəfəs qatdı. Biz ölkədə fəaliyyət göstərən bütün aparıcı könüllü təşkilatlarının fəalları olaraq könüllülüyün daha geniş vüsət alması, bizi birləşdirən dəyərlərin daha çox insana çatması üçün əlimizdən gələni əsirgəmirik. Bununla yanaşı, azad olunmuş ərazilərimizə Böyük Qayıdışa töhfə vermək məqsədilə keçmiş məcburi köçkün gənclərdən ibarət Qayıdış Könüllüləri proqramını təsis etmiş və artıq Ağdam, Şuşa və Zəngilanda fəaliyyətimizi təmin etmişik.


Ötən il ərzində Azərbaycan Könüllüləri həmçinin Xankəndi-Laçın yolunda keçirilən və 138 gün davam edən ekoloji aksiyanın əsas iştirakçıları olmuş, habelə Türkiyə Respublikasında baş vermiş ağır zəlzələ ilə bağlı Sizin çağrışınıza səfərbər olaraq qardaş ölkədə təbii fəlakətin fəsadlarının aradan qaldırılmasında yaxından iştirak etmişlər. Bununla Azərbaycan Könüllüləri həm milli-mənəvi dəyərlərimizə, milli maraqlarımızın qorunmasına, həm də bəşəri dəyərlərə sadiqliklərini bir daha nümayiş etdirmişlər.


Möhtərəm Cənab Prezident,


Torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün və suverənliyimizin bərpası hər bir Azərbaycanlının ümdə arzusu idi. Bu arzunu gerçəkləşdirməklə xalqmızın başını ucaltdığınız və bu sevinci bizlərə yaşatdığınız üçün Sizə təşəkkür edirik!


Biz - Azərbaycan könüllüləri, bundan sonra da dövlətimizin və xalqımızın qarşısında duran taleyüklü məsələlərin həllində Sizin, Müzəffər Ali Baş Komandanın yanındayıq. Sizinlə növbəti qələbələrə doğru addımlamağa hazırıq!".

**16:17

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Könüllülərinin VI Həmrəylik Forumunun iştirakçılarına müraciət ünvanlayıb.


Senzor.az xəbər verir ki, müraciətin mətnini gənclər və idman naziri Fərid Qayıbov oxuyub.


Mətndə deyilir:


"Əziz gənclər!


Sizi – Azərbaycan könüllülərinin VI həmrəylik forumunun iştirakçılarını salamlayır, Beynəlxalq Könüllülər Günü münasibətilə təbrik edir və hamınıza cansağlığı, gələcək işlərinizdə nailiyyətlər arzulayıram.


Forumun Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ölkəmizdə elan olunmuş “Heydər Əliyev İli” çərçivəsində təşkili xüsusi əhəmiyyət daşıyır. Könüllülük hərəkatı məhz Ulu Öndərin xeyir-duası ilə geniş vüsət alaraq Azərbaycan gənclərini vahid platformada birləşdirmiş və ötən müddət ərzində ictimai həyatımızın ən müxtəlif sahələrini əhatə etmişdir. Zəngin mədəni-mənəvi dəyərlərimizi rəhbər tutan hərəkat əməli fəaliyyətində xeyirxahlıq, fədakarlıq və təmənnasız yardım kimi ali bəşəri keyfiyyətləri təcəssüm etdirmiş, cəmiyyətin etimadını layiqincə doğrultmuşdur.


Sevindirici haldır ki, könüllülərimiz bu gün yurdun hər bir guşəsində dövlət gənclər siyasətinin məqsəd və prinsiplərinə uyğun şəkildə Azərbaycanın davamlı tərəqqisinə yönəlmiş sosial təşəbbüslərə və innovativ layihələrə hamılıqla qoşulurlar. Onlar ekofəallarımızla birgə Qarabağda təbii sərvətlərimizin qanunsuz istismarına qarşı etiraz ifadə edən və uğurla nəticələnən dinc aksiyanın əsas iştirakçıları olmuşlar. Artıq onların həmçinin ölkə hüdudlarından kənarda humanitar yardım istiqamətində koordinasiyalı fəaliyyət təcrübəsi vardır.


İndi müstəqillik tariximizin inkişaf dövrünün qürurverici yeni mərhələsindəyik. İşğaldan azad edilmiş ərazilərimizdə ən qısa zamanda həyatın əvvəlki ahənginə qaytarılması üçün genişmiqyaslı işlər aparılır. İnanıram ki, Ulu Öndərin tövsiyələrini özünüzə şüar seçən siz könüllülər Vətənə və dövlətə bundan sonra da dərin bağlılıq nümayiş etdirəcək, yüksək fəallıq göstərərək Böyük Qayıdışa töhfələr verəcəksiniz".

**

Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan və Azərbaycanda fəaliyyət göstərən 3 minə yaxın könüllünün iştirak etdiyi “Azərbaycan Könüllülərinin VI Həmrəylik Forumu” keçirilir.


Senzor.az xəbər verir ki, tədbir Gənclər Fondu, Azərbaycan Gənclər və İdman Nazirliyi, “ASAN xidmət”in təşkilati dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə 5-19 dekabr tarixlərində keçirilən “Azərbaycan Könüllülük Həftəsi 2023” çərçivəsində baş tutur.


Könüllülərin il ərzində göstərdiklər fəaliyyətləri diqqət mərkəzində saxlamaq və onlara təşəkkür etmək məqsədilə təşkil edilən forum Karyera Sərgisi ilə açılıb


Sərgi zamanı könüllülər 40-a yaxın müxtəlif yerli və xarici şirkətlərin iş imkanları barədə ətraflı məlumat əldə ediblər.


Forumun rəsmi açılışında öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Ulu Öndər Heydər Əliyevin və bütöv Azərbaycan uğrunda canından keçmiş qəhrəmanlarımızın əziz xatirəsi ehtiram və qürur hissi ilə yad edilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.