...Ad çəkməyəcəm, dost telekanallardan birində sosial şəbəkələrdə trend olmuş, ola bilsin ki, bəsit (məs. facebook) təfəkkür üçün maraqlı bir mövzuda reportaj getdi. Belə hallarla ilk dəfə rastlaşmıram. Hətta sosial şəbəkələrin trend mövzularına ayrıca rubrika həsr edən TV-lərimiz də var. Bu rubrikalarda adətən yüngül, qəribə, maraqlı (öz aramızda “lambada” adlandırdığımız) şəbəkə paylaşımları nümayiş etdirilir. İlk baxışda sıradan bir tendensiyadır. Amma...
Televiziyada çalışan həmkarlarım, dostlarım gərək sosial şəbəkələrin, xüsusən onların aşıladığı banal mövzuların təbliğatçılarına, reklamçılarına çevrilməsinlər. Sosial şəbəkə səviyyəli (adətən bu səviyyə çooooox aşağı olur) mövzulara televiziyada bu şəkildə müraciət bir neçə cəhətdən problem yaradır. Əvvəla, əhatə etdiyi auditoriya baxımından TV-dən yüz dəfələrlə kiçik sosial şəbəkələr televiziya müstəvisində reklam olunur, adi halda iki-üç həftəyə maksimum yüz min baxış yığması ilə öyünən məlum siqment - aşağı zövqə hesablanmış və ictimai yükdən məhrum paylaşımları ilə - günlük tamaşaçısı ən azı 1 milyona çatan televiziya kimi ciddi, nəhəng tribunanın xidməti sayəsində əlavə, müqayisəyəgəlməz dərəcədə geniş radius əldə edir. Buranın emal etdiyi bəsitlik, aşağı dəyərlər Televiziya kimi super imkan vasitəsilə daha çox auditoriyaya təklif olunur.
Sonra da elə həmin Televiziya “ Bu gün TV-yə baxmırlar, hamı sosial şəbəkədədir” kimi yanlış təəssüratlara tok-şoular həsr edir. Heç bir riyazi, sosioloji təhlilə, hesablamalara əsaslanmayan belə qənaətlər, guya “TV-nin tədricən sıradan çıxması” kimi həvəskar söhbətlər cəmiyyətin əsas informasiya-ideologiya silahını-TELEVİZİYANI sadəcə gözdən salma kampaniyasının tərkib hissəsinə çevrilir (Əlbəttə, sosial şəbəkələrdə təsadüfi dahilər və dahiyanəliklər, qlobal hadisələr də peyda ola bilir, bunu görüb efirə çıxarmaq lazımdır, amma belə hallar o qədər nadir olur ki…).
Sözümün canı nədir: Dostlarım, Bacı və Qardaşlarım! Əgər sosial şəbəkələri doğrudan özümüzə rəqib hesab ediriksə, TV-nin “qəbirqazıyanı” sayırıqsa, onda bir məntiqimiz olsun da, heç olmasa sosial şəbəkələri reklamsa etməyək. Əksinə bu seqmentin mobilliyi, əlçatanlığından yararlanıb cəmiyyət üçün, dövlət üçün mühüm olan mesajları həmin platformalarda da yayaq. O məkanı səviyyəcə qaldırmaq, daha ictimai faydalı etmək məqsədilə. Sosial şəbəkələrin köynəyindən bu şəkildə keçməklə biz onun övladı olmayacağıq. Orda əsas prinsip valdeynsizlikdir, övladın yiyəsinin naməlum olmasıdır. Bəli, razıyam ki, nəsə etmək lazımdır. Amma nə???
Məsələn, bunu edək: Azərbaycana qarşı açıq cəbhə açaraq xalqı üsyana, dövlət çevrilişinə çağıranlarla, hakimiyyətə zor tətbiqini təşviq edənlərlə həm TV-də, həm də onların öz meydançasında-sosial şəbəkələrdə mübarizə aparaq. Əlimizdə olan imkanlardan istifadə edərək antidövlət güruhun üzərinə gedək. Sadəlövh şəbəkə istifadəçisini başa salaq ki, banan şirəsini hazırlamaq üçün resepti orda axtarsın.
Amma Azərbaycanı Banan respublikasına çevirmək istəyənləri də darmadağın edək. Həm TV-də, həm də oradakı sosial hesablarımızda. Vətəndaşlarımıza, cəmiyyətimizə bu təhlükəli oyuncaqla necə davranmaq lazım olduğunu televiziyanızın efirindən öyrədək. Amma heç bir halda nə dolayısı, nə də birbaşa olaraq reklam edib, sonra da şikayətlənməyək.
Sosial şəbəkələr janr deyil, bazardır. Bazarı efirə gətirməyək. Amma öz məhsulumizu bazara çıxarmaq istəyiriksə çıxaraq! Əsl məhsulu saxtadan ayırmaq imkanı yaradaq!
Mir Şahin Ağayev,
REAL TV-nin direktoru