Sülh sazişi nə vaxt imzalanacaq və ya... ERMƏNİSTAN SÜRƏTLƏ SİLAHLANIR, BƏS BİZ NƏ EDİRİK?
ELÇİN ALIOĞLU YAZIR

Azərbaycan cəmiyyətini maraqlandıran suallar çoxdur, amma onların arasında üç sual xüsusi yer tutur.

 

Cənubi Qafqazdakı proseslərin gedişatını, baş verən hadisələri, aparılan danışıqları və imzalanan anlaşmaları nəzərə alsaq, həmin üç sualın cavabları xüsusi əhəmiyyət kəsb edir.

 

Sosiumda cavab aranan suallar bunlardır:

 

1. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi ilin sonunadək imzalanacaqmı?

 

2. Ermənistan sürətlə silahlanır. Biz nə edirik?

 

3. Sülh müqaviləsi imzalanandan sonra vəziyyət necə olacaq? Rusiyalı sülhməramlılar nə zaman ölkəmizdən çıxacaq?

 

Sualları cavablamağa çalışaq.

 

1. Azərbaycanla Ermənistan arasında sülh sazişinin ilin sonunadək imzalanması ehtimalı çox az olsa da, tamamən yox deyil. Rəsmi Bakı sazişin vasitəçilərsiz imzalanmasının tərəfdarıdır, çünki sülh prosesində üç əsas vasitə formatı olan Vaşinqton, Brüssel və Moskva danışıqları treklərinin heç biri effektiv deyil.

 

ABŞ-ın vasitəçilik etməyə çalışaraq Azərbaycanla Ermənistanın XİN başçılarının məhz Vaşinqtonda görüşərək müzakirələr aparmağa çalışmasının səbəbləri çox sadədir. Birləşmiş Ştatlar əzəli geosiyasi iki rəqibindən biri olan Rusiyanı (digəri Çindir) Cənubi Qafqaz bölgəsindən çıxarmaq istəyir. Ukraynadakı hərbi əməliyyatlar, məruz qaldığı çoxsaylı embarqolar və sanksiylaar Moskvanı xeyli zəiflətsə də, o, əsrlərdən bəri öz "fəaliyyət məkanı" hesab etdiyi bölgəmizi tərk etmək niyyətində deyil.

 

Rusiya ilə geosiyasi qarşıdurmada Avropa İttifaqını özünə müttəfiq hesab etməyən ABŞ hətta bu prosesdə olsa belə, Aİ-nin təsir imkanlarının artmasını istəmir.

 

Amerikalılar anlayırlar ki, əgər avropalılar Cənubi Qafqazda sülh müqaviləsinin imzalanmasına nail olaraq prosesdə əsas vasitəçilik etsələr, geosiyasi və ən əsası, geostrateji ambisiyaları güclənəcək, Brüssel regionumuzdakı "uğur"unu sonradan başqa məkanlara da inikas etdirərək təkrarlamağa çalışacaq.

 

İqtisadi, maliyyə, texniki və s. baxımdan güclü Avropa amerikalıların maraqlarına tam cavab versə də, siyasi və hərbi baxımdan qüdrətli Avropa onların maraqları çərçivəsində deyil: ABŞ İkinci Dünya Müharibəsindən sonra daim Avropanı idarə edib və prosesin dəyişməsini, yaxud dayanmasını ən pis ssenarilərdən biri sayır. 

Avropa İttifaqı (Aİ) heç bir halda ABŞ və ya Rusiyanın əsas vasitəçi olmasını arzulamadığından sülh sazişinin məhz Brüssel trekində imzalanmasına çalışır.

 

Rusiyanın Cənubi Qafqazdakı mövcudluğu Brüssel üçün nə qədər problematikdirsə, sonradan Cənubi Qafqazda sürətlə ABŞ-ın möhkəmlənməsi də bir o qədər arzuolunmazdır. Bakı və İrəvan arasındak təmasların dinamikası da vasitəçi rolunu oynamaq istəyən  gücləri narahat edir.

 

Moskvanın təlaşı isə bir qədər də artıqdır. Avropa İttifaqı və ABŞ-ın timsalında kollektiv Qərbin təşəbbüslərinin və planlarının qarşısını almağa çalışan Rusiya arsenalında olan bütün diplomatik vasitələri işə salaraq hazırda 2 məqsədə çatmaq fikrindədir:

 

1. Ermənistanın sürətlə Qərbə meyillənməsini ilkin mərhələdə zəiflətmək və sonra mümkün olarsa, ümumiyyətlə dayandırmaq;

 

2. Azərbaycanı məhz Moskvada Ermənistanla sülh müqaviləsini imzalamağa sövq etmək.

 

Rusiyanın məqsədləri aydın olsa da, hədəfə çatmaq yolları mücərrəddir, çünki ABŞ və Aİ bu planların gerçəkləşməməsi üçün artıq (!) hər şeyi edirlər.

 

Sadaladığımız amillər ilin sonunadək İrəvanla yekun sülh müqaviləsinin imzalanmasını bir qədər problematik məsələyə çevirsə də, prosesin müsbət məcrada olduğuna ümid var.

 

2. Ermənistan hazırda ordusunun qalıqlarını normal silahlı qüvvlərə çevirmək, döyüş hazırlığı və təminat səviyyəsini artırmaq üçün intensiv addımlar atır. Zahirən Nikol Paşinyan çox radikal, aqressiv, hətta təhlükəli taktikanı seçib.

 

Amma proseslərin vəsilələri arasında sırf siyasi motivlər də var. Belə ki, ABŞ hazırda Ermənistan rəhbərliyi qarşısında şərt qoyaraq ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edir.

 

Ermənistanın baş naziri Nikol Paşinyan da Qərbin pressinqini həvəslə qəbul edib, çünki sabiq prezidentlər Robert Köçəryanla Serj Sarqsyanın başçılıq etdiyi siyasi təşkilatların parlament fraksiyalarından qurtulmaq istəyir.

 

2021-ci ilin baharındakı seçkilərdən fərqli olaraq, mövcud vəziyyətdə N.Paşinyanın seçkilərdə böyük üstünlüklə qalib gəlmək şansı var va o, situasiyadan maksimum yararlanmaq, parlamenti Köçəryan-Sarqsyan tandeminin fiqurlarından "təmizləmək" niyyətindədir.

 

Elektoral bazasını genişləndirmək üçün Paşinyan ən çox tənqid olunduğu sahəni – müdafiə və ordu quruculuğunu aktivləşdirməklə əvlə siyasi dividentlər əldə edir. Ermənilərin nəzərində o, silahlı qüvvələri zəiflədən xəyanətkar yox, “Azərbaycanın ekzistensial təhlükə mənbəyi olduğunu anlayaraq ordunu yenidən quran və sürətlə silahlandıran baş nazir” olmaq fikrindədir.

 

Prosesin siyasi tərəfi budur.

 

Əsas istiqamətə gəldikdə isə, Ermənistanın hazırda silah-sursat və hərbi texnika əldə etmək üçün əsas tərəfdaşları Fransa ilə Hindistandır.

 

Paris və Dehli ermənilərlə bağlı unison mövqe tutublar: fransızlar Azərbaycan və Türkiyənin bölgədə güclənməsini, Dehli isə Pakistanın regionumuzda daha da fəallaşmasını istəmir. 

 

 

Bu səbəbdən də Fransa və Hindistan ermənilərə müdafiə yox, hücum silahları və texnikası satmağa belə, razılıq veriblər.

 

Fəqət, silah və hərbi texnikası indiyədək yalnız sovet dönəmindən qalma və Rusiyada istehsal olunmuş iki çeşiddə nəsnələrdən ibarət olan Ermənistan silahlı qüvvələrinin müdafiə, xüsusilə də hücum potensialını Fransa və Hindistandan aldığı hərbi texnika vasitələri ilə gücləndirə bilməyəcək. Modifikasiya, tip, çap, texniki xüsusiyyətlər və s. baxımından uyğunlaşdırılması çox mürəkkəb proses olacaq “alış”ların Ermənistan ordusu üçün yaxın perspektivdə problemlər yaradacağı şübhəsizdir. Fransa və Hindistan şirkətləri nümayəndələrini Ermənistana yollayaraq satdıqları texnikanı yerli şəraitə uyğunlaşdıracaqlarını vəd etsələr də, bu, asan məsələ deyil.

 

Azərbaycana gəldikdə isə, Ordumuz Ermənistanın sürətlə silahlanmasına adekvat reaksiya verir və İrəvanın fransızlarla hinduslardan aldığı silahların daha güclü, sürətli və dağıdıcı gücə malik alternativlərini hazır tutur. 

3. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması Cənubi Qafqazda stabilliyin bərqərar olması prosesinə start verə bilər. Nəqliyyat kommunikasiyaları bərpa olunacaq, yeni marşrutlar yaranacaq, şərti dövlət sərhədinin demarkasiyası və delimitasiyası başlanacaq. Türkiyə də Ermənistanla sərhədini açacaq. Təbii ki, Ermənistan cəmiyyətindəki revanşizm, ifrat millətçilik, mağara səviyyəsindəki etnik dözülməzlik və qonşu dövlətlərə ərazi iddiaları yox olmayacaq. Bakı bunu bilir, anlayır və situasiyanın istənilən məcrada inkişafına hazır vəziyyətdədir.

 

Rusiya Sülhməramlı Kontingentinə (RSK) gəldikdə isə, o, 2025-ci ildə Azərbaycan ərazisini tərk edəcək. Rusiyalı sərhədçilərin ölkəmizdə daha sonra qalması sadəcə, mümkün deyil və bunun heç bir zəmini də yoxdur.

 

"Vasitəçi"lik istəyindəki güclərin istəklərindən asılı olmayaraq.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.