Dünən İranın Kirman əyalətində baş verənlər açıq-aşkar terror aktıdır.
Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bugünkü brifinq zamanı deyib.
"Bizim fikrimizcə, bu, açıq-aşkar terror aktı idi. Bütün mövcud məlumatlara əsasən, bunun terror aktı olduğu bizə aydındır. İŞİD-in buna görə məsuliyyəti öz üzərinə götürdüyünə dair xəbərləri görmüşük. Bu terror aktında İŞİD-in iştirakına dair bütün əlamətlər var”, - deyə o bildirib.
Qeyd edək ki, İŞİD terror təşkilatı Kirmandakı partlayışlara görə məsuliyyəti öz üzərinə götürüb.
Yanvarın 3-də İranın cənub-şərqindəki Kirman əyalətində iranlı general Qasim Süleymaninin ölümünün ildönümü ilə əlaqədar keçirilən yürüş zamanı iki partlayış baş verib. Partlayışlar nəticəsində 84 nəfər həlak olub.
Xatırladaq ki, iranlı general Qasim Süleymani 2020-ci ildə ABŞ Hərbi Hava Qüvvələrinin İraqda həyata keçirdiyi hava hücumunda öldürülüb.