Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan arasında telefon danışığı olub.
Bu barədə Senzor.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Bildirilib ki, telefon danışı zamanı BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın ölkəmizə rəsmi səfəri çərçivəsində imzalanmış Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu və əldə edilmiş digər razılıqların icrası, habelə regional və beynəlxalq məsələlər müzakirə olunub.
Bununla yanaşı, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycanın prezidentliyi və ev sahibliyinə hazırlıq prosesi çərçivəsində BƏƏ-nin COP28 prezidentliyi ilə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Telefon danışığı zamanı həmçinin digər beynəlxalq platformalarda əməkdaşlıq istiqamətləri müzakirə olunub.