ABŞ, Britaniya və İsrailin hər an müharibəyə başlayacağını bilə-bilə, İranın eyni gündə birbaşa quru sərhədinin olduğu iki ölkədəki - həm İraq, həm də Pakistandakı hədəflərə uzaqmənzilli raket zərbəsi endirməsi bir daha təsdiqləyir ki, rəsmi Tehranın əlində bu qonşularının ərazisindən üçüncü ölkələrin onun daxilində təxribatçı əməliyyatlar keçirmək üçün istifadə edildiyinə dair əsaslı dəlil-sübutlar, eyni zamanda, həmin əməliyyatları koordinasiya edən mərkəzlərin dəqiq ünvanları var.
İraq və Pakistan rəhbərliyinin dərhal adekvat güc tətbiqinə əl atmaması və hələlik yalnız diplomatik etirazlara üstünlük verməsi də bu ehtimalı gücləndirir.
Həm İraq, həm də Pakistan Qərb kəşfiyyatının ən rahat fəaliyyət göstərdiyi, “İslamçı” çətiri altında ən müxtəlif hərbi təyinatlı qrupların və terror təşkilatlarının hazırlandığı ölkələrdən sayılır, hər iki ölkənin mərkəzi hakimiyyətləri də bu qrup və təşkilatların zərərsizləşdirilməsində acizdirlər.
Xatırladaq ki, İranın əsasən bəlucların yaşadığı Pakistanla sərhədi həmişə ən gərgin, davamlı şəkildə silahlı basqınların, hücumların qeydə alındığı bölgə sayılır və İran da həmişə ABŞ və İsraili Pakistan üzərindən etnik bəluclardan istifadə etməkdə suçlayıb.
Eyni qaydada, İraqdakı Kürd Muxtariyyətinin ərazisini də rəsmi Tehran həmişə ABŞ və İsrail tərəfindən özünə qarşı kəşfiyyat işlərinin aparıldığı, sui-qəsd planlarının hazırlanıb həyata keçirildiyi və xüsusən də İranda say etibarilə üçüncü əsas etnos olan kürdlərin ayağa qaldırılması üçün istifadə edildiyi məntəqələrdən sayıb.
Mümkündür ki, İran tərəfi hücum öncəsi hər iki ölkənin rəhbərliyini bu haqda konkret dəlil-sübutlarla öncədən xəbərdar edib.
O da diqqəti xüsusilə çəkir ki, İran raket zərbələrini Türkiyənin İraq və Suriyada Qərbin dəstəklədiyi terrorçu kürd silahı qruplaşmalarına qarşı əməliyyatları gücləndirdiyi bir vaxtda endirib.
Hazırda ABŞ və İsrailin dəstəklədiyi terrorçu kürd qruplaşmaları həm Türkiyə, həm İran, həm də İraq və Suriya üçün ciddi problemə, bu ölkələrin ərazi bütövlüyünü və suverenliyini təhdid altına alan əsas təhlükə qaynağına çevrilib.
Bu problemdən qurtuluş Türkiyə, İran, İraq və Suriya rəhbərliyinin bir araya gəlməsini və ortaq əməliyyatlar aprmasını nə qədər qaçılmaz etsə də, bölgədə öz nəzarətləri altında “Böyük Kürdüstan”ı qurmağı hədəfləyən ABŞ və İsrail hər vasitə ilə bu ölkələrin rəhbərlərinin yaxınlaşmasının qarşısını alır.
Bununla belə, ehtimallar var ki, xüsusən Türkiyə və İran xüsusi xidmət orqanları artıq son aylarda ortaq düşmənlərə qarşı müəyyən əməliyyatları koordinasiyalı şəkildə həyata keçirirlər.
Hətta ehtimal var ki, bu problem tezliklə İranın vasitəçiliyi ilə Suriya və Türkiyə rəhbərliyi arsında da buzların əriməsinə və yenidən əvvəlki münasibətlərin qurulmasına gətirib çıxarsın.
Ümmətinin taleyini düşünən hər bir lider keçmişdə yaşanan xoşagəlməz olayların üstündən keçməyi bacarmalı, qarşılıqlı kin və nifrətə son verməli, masa arxasına keçərək, ABŞ və İsrailin bölgəni xaos və müharibələr meydançasına çevirmək planlarının qarşısını almağı bacarmalıdır. Çünki aparılan siyasətin məsuliyyəti həm də onların üzərindədir.
Əks halda, yeni fitnəkarlıqlara yol açılacaq, sonda uduzan da yenə müsəlmanlar olacaq!