Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmə: MİLLƏT VƏKİLİNİ KİM VƏ NİYƏ CƏZALANDIRMAQ İSTƏYİB?
TƏQSİRLƏNDİRİLƏN ŞƏXS İFADƏ VERDİ

Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov və Səbuhi Şirinovun cinayət işi üzrə məhkəmənin ilk baxış iclası keçirilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi keçirilən iclasda prokuror çıxış edib.

 

İttihama görə, Azər Səricanov İranın Rey şəhərində olarkən “Hüseyniyyun” qrupunun üzvləri ilə millət vəkili Fazil Mustafanın dini baxışlarına görə siyasi fəaliyyətinə son qoymaq, bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etməyi müzakirə ediblər.

 

Bu məqsədlə Fazil Mustafanın fəaliyyəti ilə bağlı sosial şəbəkədə gündəlik məlumatlar toplayıblar. Daha sonra terror aktını həyata keçirmək məqsədilə 2022-ci ildə “Kalaşnikov” konstruksiyalı avtomat silah əldə ediblər.

 

Terror aktını həyata keçirmək üçün Rəşad Əhmədov 30 min ABŞ dollarını İrandakı dəstənin üzvlərindən qəbul edib və Qaradağdakı evinə gətirib. Plana əsasən o, həmin vəsaiti daha sonra Azər Səricanova verib.

 

Hadisədən əvvəlki vaxtlarda Səbuhi Şirinov Fazil Mustafanın yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsində yerləşən evi ətrafında müşahidələr aparıb. Azər Səricanov hadisədən öncə terror aktında istifadə ediləcək tapança silahını Rəşad Əhmədov, avtomat silahı isə Səbuhi Şirinova verib.

 

Elşad Əsgərov və Səbuhi Şirinov Fazil Mustafanın evinin yanına gəlib. Orada Səbuhi Şirinov Fazil Mustafaya 7 dəfə atəş açıb.

 

Hadisədən sonra Azər Səricanov ona verilən 30 min ABŞ dollarını şəhərin müxtəlif istiqamətlərində dəyişib. Bu puldan 15 min manatı Səbuhi Şirinova verib.

 

Dəstə üzvləri terror aktından başqa Azərbaycanda müxtəlif ünvanlarda olan hərbi təyinatlı obyektlər barədə məlumatları İranda tanış olduqları xüsusi xidmət orqanları əməkdaşlarına ötürüblər.

 

İttihama münasibət bildirən təqsirləndirilən şəxslər elan olunmuş ittiham üzrə özlərini qismən təqsirli biliblər.

 

Daha sonra təqsirləndirilən şəxslərdən Azər Səricanov ifadə verib.

 

O, ittiham aktında yazılan bəzi hissələrlə razı olmadığını deyib. Ancaq Fazil Mustafaya qarşı terror aktının göstərişinin onun tərəfindən verildiyini təsdiqləyib. Onun sözlərinə görə, deputatın dinlə və dindarlarla bağlı səsləndirdiyi fikirlərdən qıcıqlanıb nəticədə onu cəzalandırmağa qərar verib: “İnsanın dini etiqad azadlığı var. Dövlət xadimi olmur, lap kim olursa olsun, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə sataşa bilməz. Aşura gününü qeyd edənlər haqqında “hürürlər, mələşirlər” ifadəsini işlətmək nə deməkdir? 2019-cu ildən bu adamın dedikləri, yazdıqları məni narahat edirdi. 2020-ci ildə Qarabağ müharibəsində şəhidlərlə bağlı səslənən fikirlər lap ağ oldu. Nə deməkdir ki, “kişi ağlamaz”.

 

Təqsirləndirilən şəxs Fazil Mustafanın dini fikirlərilə bağlı müvafiq qurumlara şikayətlər göndərdiyini, ancaq baxan olmadığını deyib. “Facebook”da onun özünə və oğluna da yazdıqlarını ancaq bunun da xeyri olmadığını deyib. Bütün bunlardan sonra şəxsi təşəbbüsü ilə onu cəzalandırmaq qərarına gəlib.

 

A. Səricanov bildirib ki, İrana gedib, millət vəkilini cəzalandıracaq şəxsin sonradan sığına bilməsi məsələsini araşdırıb.

 

Onun sözlərinə görə, İrandan qayıdandan sonra Fazil Mustafa ilə bağlı araşdırma aparmağa, onun evinin yerini, hərəkət marşrutunu müəyyənləşdirməyə başlayıb. Daha sonra cinayəti icra edən Səbuhi Şirinovla tanış olub: “Mən adam axtarırdım. Məclislərdən birində Səbuhi ilə tanış oldum. Dedi ki, xüsusi təyinatlılarda MAXE (müddətdən artıq xidmət edən) olub. O dəqiqə bildim ki, mənə lazım olan adamdır. Mən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul idim. Səbuhiyə də məhsul verməyə başladım. Səbuhiyə Fazil Mustafa haqqında danışanda dedi ki, o da onun yazdıqlarına görə ondan xoşu gəlmir”.

 

Təqsirləndirilən şəxsin sözlərinə görə, Səbuhi Şirinov bu işi üzərinə götürəndən sonra ona qayınatasından qalmış avtomat silah verib. Tapşırıb ki, ailəsinin, uşaqlarının yanında olmasın.

 

Azər Səricanov ifadəsində qeyd edib ki, məqsədləri Fazil Mustafanı öldürmək olmayıb, onu cəzalandırmaq istəyiblər: “Buna görə əvvəlcədən danışdıq ki, həyati əhəmiyyətli orqanlarına atəş açılmasın. Onun çiyninə dəyən güllə başına dəyə bilərdi. Elə olmamağının səbəbi budur ki, onu öldürmək yox, cəzalandırmaq istəmişik. Səbuhi bu işi görəndən sonra bizə gəldi. Paltarlarını samovarda yandırdım. Bir qədər sonra Səbuhiyə 15 min manat pul verdim”.

 

O, deputata qarşı cinayətin İrandan gələn sifarişlə törədilməsi, bu məqsədlə Rəşad Əhmədov vasitəsilə 30 min dollar ona çatdırılması barədə ittiham aktında yazılanları qəbul etməyib.

 

Növbəti məhkəmə baxış iclası fevralın 16-da keçiriləcək.

 

APA xatırladır ki, faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.