Azərbaycan Respublikasının İrandakı səfirliyinə hücum edən şəxsin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Bu barədə IRNA məlumat yayıb.
İttihama əsasən, həmin şəxs odlu silahdan istifadə edərək səfirlik ərazisində Azərbaycan vətəndaşını qəsdən öldürməyə, qanunsuz silah-sursatın alınması, daşınması və saxlanılmasına görə təqsirli bilinir.
Agentliyin məlumatına görə, məhkəmə zalında Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları da olublar.
**09:58
Bu gün Azərbaycanın İranın İslam Respublikasının paytaxtı Tehran şəhərindəki səfirliyinə terror hücumunun birinci ildönümüdür.
Senzor.az xatırladır ki, 2023-cü il yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində səfirliyimizə terror hücumu olub. Terroru törədən İran vətəndaşı Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) yanvarın 30-da səfirliyin əməkdaşlarını Tehrandan təxliyə edib və səfirliyin fəaliyyəti dayandırılıb...
Maraqlıdır ki, səfirliyimizə terror aktı təşkil edən şəxsin ilk məhkəmə iclası da teraktın törədildiyi vaxtdan bir il sonra – 2024-cü ilin 27 yanvarında, məhz bu gün keçiriləcək.
Azərbaycan XİN-in İrandakı səfirliyimizə hücumun ildönümü ilə bağlı yaydığı bəyanatda belə deyilir.
Qeyd olunur ki, terror hücumu ilə bağlı Azərbaycanla İran arasında yaranmış vəziyyətin aradan qaldırılması, sözügedən terror aktının təşkili və törədilməsində əli olanların ən ağır şəkildə cəzalandırılması, səfirliyin təhlükəsizliyinə tam təminatın verilməsi istiqamətində son bir il ərzində iki ölkənin rəsmi şəxsləri və aidiyyəti qurumları arasında mütəmadi təmaslar davam etdirilib, Azərbaycan tərəfinin gözləntiləri qarşı tərəfə çatdırılıb: "İran tərəfi aparılan istintaq tədbirləri barədə mütəmadi əsasda Azərbaycan tərəfini məlumatlandırmış, uzun müddət aparılmış prosesdən sonra terror aktını törədən şəxsin məhkəməsinin ilk iclasını 27 yanvar 2024-cü il tarixinə təyin etmişdir".
Bəyanatda, həmçinin deyilir: "Səfirliyə qarşı törədilmiş terror aktının birinci ildönümündə şəhidimizin yaxınlarına dərin hüznlə başsağlığı verir, bu hücumu bir daha qətiyyətlə pisləyir, günahkarların öz layiqli cəzalarına çatmaları və gələcəkdə bu qəbildən əməllərin qarşısının alınması istiqamətində İran tərəfindən tezliklə nəticəyönümlü addımların atılacağını gözləyirik".