İordaniya hökumətinin sözçüsü və rabitə naziri Muhannad əl-Mubadin ABŞ Prezidenti Cozef Baydenin Krallıq ərazisində Amerika qüvvələrinə hücum edildiyi barədə bəyanatını təkzib edib.
Bu barədə İordaniyanın “Al Mamlaka” telekanalı məlumat yayıb.
Nazir bildirib ki, hücuma məruz qalan Amerika hərbi bazası İordaniya sərhədlərindən kənarda yerləşir: “Suriyanın Əl-Tanf şəhərində, İordaniyanın sərhədi yaxınlığında yerləşən ABŞ hərbi bazası hücuma məruz qalıb”.
**21:54 (28.01.2024)
İordaniyanın şimalındakı ABŞ bazasına pilotsuz təyyarə ilə hücum edilib, nəticədə üç amerikalı hərbçi həlak olub, 25-i yaralanıb.
Senzor.az bildirir ki, bu barədə CNN rəsmilərə istinadən məlumat yayıb.
Bildirilib ki, Amerika bazası Suriya ilə sərhəd yaxınlığında yerləşir.
Qeyd edilir ki, bu, Qəzza zolağında müharibə başlayandan bəri Yaxın Şərqdə Amerika hərbçilərinin hücumda həlak olması ilə bağlı ilk faktdır.
BBC xəbər verir ki, ABŞ Prezidenti Co Bayden hücumun İranın dəstəklədiyi silahlı qruplar tərəfindən həyata keçirildiyini bildirib. “Biz bu hücumla bağlı bütün faktları toplamağı davam etdiririk, bununla belə, artıq bunun Suriya və İraqda fəaliyyət göstərən və İranın dəstəklədiyi radikal silahlı qruplar tərəfindən həyata keçirildiyini bilirik”, - deyə Bayden vurğulayıb.
“Əmin ola bilərsiniz ki, biz bütün günahkarları lazım bildiyimiz vaxtda və qaydada məsuliyyətə cəlb edəcəyik”, – deyə ABŞ Prezidenti əlavə edib.
Tehran isə hadisə ilə bağlı hələ ki şərh verməyib.