Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı səsvermə başa çatıb.
Senzor.az xəbər verir ki, səhər saat 08.00-da açılan bütün seçki məntəqələri bağlanıb.
Beynəlxalq və yerli müşahidəçilərin iştirakı ilə bülletenlərin sayılmasına başlanılacaq.
Mərkəzi Seçki Komissiyasının (MSK) saat 17:00-a olan məlumatına görə, respublika üzrə 4 milyon 590 min 75 nəfər səs verib. Seçici fəallığı 70,85 faiz olub.
MSK sədri Məzahir Pənahov bildirib ki, saat 21:00-da ilkin nəticələrin elan edilməsi nəzərdə tutulur.
Məlumat üçün bildirək ki, seçkilərə yekun vurulduqdan sonra protokollar hazırlanır. Bundan sonra seçkilərin nəticələri Konstitusiya Məhkəməsinə göndərilir.
Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilib. Azərbaycanda 125 seçki dairəsində 6 319 seçki məntəqəsi var. Onlardan 26-sı işğaldan azad edilən ərazilərdədir.
Builki seçkilər ilk dəfə olaraq Azərbaycanın bütün suveren ərazisində keçirilib. Bu, Azərbaycan Prezidenti postu uğrunda keçirilən IX rəsmi ümummilli seçkidir. Prezident seçilən şəxsin səlahiyyət müddəti 7 il olacaq.
Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparıb.
**08:01
Fevralın 7-də səhər saat 8:00-da ölkəmizin bütün suveren ərazisində Azərbaycan Respublikası Prezidentinin seçkiləri başlayıb.
Senzor.az xatırladır ki, Prezident postu uğrunda 7 namizəd mübarizə aparır:
- Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;
- Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;
- Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;
- Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;
- Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;
- Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev;
- Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.
Səsvermə 125 seçki dairəsi üzrə 6537 seçki məntəqəsində keçirilir. Bu məntəqələrdən 6319-u daimi, 218-i isə Azərbaycanın xarici ölkələrdəki səfirlik, konsulluq və daimi nümayəndəliklərində, hərbi hissələrdə, islah-əmək və sanator-müalicə müəssisələrində, Xəzər dənizində və dünya sularında Azərbaycanın Bayrağı altında üzən gəmilərdə yaradılmış məntəqələrdir.
Ümumilikdə 6 milyon 524 min 203 seçki bülleteni çap edilib.
Dairə seçki komissiyalarının hamısı kompüterləşdirilib və digər lazımi avadanlıqla təmin olunub. Səsvermə günü Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin informasiya zalından seçkilərin gedişinə dair operativ məlumatlar yayımlanacaq.
Səsvermənin şəffaflığını təmin etmək üçün 1000 seçki məntəqəsində quraşdırılmış veb-kameralar MSK-nın rəsmi internet səhifələrinə (www.msk.gov.az; www.cec.gov.az; www.infocenter.gov.az) qoşulub. Bu kameralar vasitəsilə seçki məntəqələrində səsvermənin gedişini (səsvermə kabinəsində bülletenlərin doldurulması prosesi istisna olmaqla) əvvəldən axıradək Mərkəzi Seçki Komissiyasının internet saytlarında izləmək mümkündür. Veb-kameralar quraşdırılmış seçki məntəqələrinin siyahısı mətbuatda dərc olunub və MSK-nın internet səhifələrində yerləşdirilib.
Hazırda Azərbaycanda səsvermə hüququ olan vətəndaşların sayı 6 milyon 478 min 623 nəfərdir.
Seçki prosesini 790 beynəlxalq müşahidəçi izləyir. Onlar 72 beynəlxalq təşkilatı və 89 ölkəni təmsil edirlər. Yerli müşahidəçilərin ümumi sayı isə 89 min 366-dır.
Seçkiləri 109 beynəlxalq media qurumunun 216 təmsilçisi işıqlandırır.
Səsvermə saat 19:00-da başa çatacaq.