Türkiyənin İstanbul şəhərinin Ədliyyə Sarayında terror aktının sifarişçisi olan DHKP/C-nin (Devrimci Halk Kurtuluş Partisi - Cephesi) “mərkəzi komitə” üzvü Fahriye Erdal və daha üç şübhəli barəsində həbs qərarı çıxarılıb.
Haberturk.com-un xəbərinə görə, məlum olub ki, Fahriye Erdal, həmçinin ictimaiyyət arasında “Sabancı sui-qəsdi” kimi tanınan hücumun təşəbbüskarı olub (həmin vaxt iki nəfər həyatını itirmişdi).
Xatırladaq ki, fevralın 6-da Türkiyənin İstanbul şəhərinin Çağlayan rayon məhkəməsinin binasının girişinə hücum olub. Hadisə nəticəsində bir nəfər həlak olub, altı nəfər yaralanıb.
Hücum zamanı Emrah Yayla və Pınar Birkoç adlı iki terrorçu polis tərəfindən zərərsizləşdirilib.
Baş verənlərlə əlaqədar ümumilikdə 54 nəfər həbs edilib.
İstintaq çərçivəsində hücum əmrinin təşkilatın “mərkəzi komitə” üzvləri Fahriye Erdal, Zerrin Sarı, Seher Demir və Musa Aşoğlu tərəfindən verildiyi müəyyən edilib.