İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Senzor.az bildirir ki, təbrikdə deyilir:
"Zati-aliləri.
Yenidən Azərbaycan Prezidenti seçilməyiniz münasibətilə Sizə təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram. Sizin liderliyinizlə Azərbaycan 20 il ərzində sabitliyi, iqtisadi inkişafı və dini azadlığı təmin etməyə və qorumağa nail olub. Əminəm ki, Sizin yenidən Prezident seçilməyiniz ölkəniz üçün bundan sonra da parlaq və firavan gələcəyi təmin edəcək.
İsrail Dövləti Azərbaycan Respublikası ilə münasibətləri yüksək dəyərləndirir. Bizim ikitərəfli əlaqələrimiz çox vacib iqtisadi, təhlükəsizlik və siyasi faydalar təmin edir. Biz bu möhkəm və davamlı tərəfdaşlığa sadiqliyimizi bildiririk.
Mən Azərbaycan və İsrail arasında əlaqələrin daha da inkişafı və möhkəmlənməsi üçün Sizinlə birgə işləmək imkanına görə şəxsən minnətdarlığımı bildirirəm. Keçən il Sizin gözəl ölkənizə səfərimiz zamanı Mixala və mənə göstərdiyiniz səmimi qonaqpərvərliyi yüksək qiymətləndirirəm.
Gələcək illərdə qarşılıqlı maraqlarımıza dəstək olaraq ölkələrimiz arasındakı münasibətləri dərinləşdirməyə davam etmək istiqamətində Sizinlə işləməyi səbirsizliklə gözləyirəm".