Xəbər verdiyimiz kimi, srağagün gecə Moskvanın “Domodedovo” hava limanında saxlanılan fitnes məşqçisi Kamil Zeynallı dünən sərbəst buraxılıb.
Senzor.az bildirir ki, o, artıq Bakıya qayıdıb.
K. Zeynallını Heydər Əliyev adına Beynəlxalq Hava Limanında yaxınları, media və ictimaiyyət nümayəndələri qarşılayıblar.
Həmin görüntüləri təqdim edirik:
Xatırladaq ki, K. Zeynallı Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb. Məlumata görə, Kamil Zeynallının saxlanılması onun Ermənistan tərəfdən axtarışa verilməsi ilə əlaqədar idi.
**15:35 (21.02.2024)
Kamil Zeynallı sərbəst buraxılıb. O bu gün Bakıya qayıdacaq.
APA xəbər verir ki, bu barədə Kamil Zeynallının vəkili Ələkbər Qarayev məlumat verib.
Onun sözlərinə görə hazırda Kamil Zeynallının vəziyyəti yaxşıdır: “Baxmayaraq ki, Ermənistan dövləti Kamil Zeynallını federal axtarışa vermişdi. Ona qarşı çox ağır maddələrlə ittiham irəli sürülmüşdü. Amma Rusiya dövləti humanizm göstərdi. Azərbaycan dövlətinin köməyi və təkidi ilə Kamil Zeynallı bu gün Azərbaycana qayıdacaq. Buna görə də mən hamıya təşəkkür edirəm. Çox əziyyət çəkildi. Xüsusilə də Azərbaycanın Rusiyadakı səfirliyinə, şəxsən Polad Bülbüloğluna təşəkkür edirəm. Həqiqətən də, çox böyük iş gördülər”.
**10:16
Fitnes məşqçisi Kamil Zeynallının Moskvada hava limanında saxlanılmasını əks etdirən görüntülər yayılıb.
Görüntülərdə Kamil Zeynallının hava limanında saxlanılan digər şəxslərlə birgə otağa salınması, onun şəxsi əşyalarının alınması əks olunub.
Videodan Kamilin çamadanından bəzi əşyalarını götürməsi və prosedura uyğun olaraq digər əşyalarını Rusiya sərhədçilərinə təhvil verməsi də məlum olur.
Tanınmış idmançı, fitnes məşqçisi Kamil Zeynallı Rusiyada saxlanılıb.
Senzor.az bildirir ki, bu barədə sosial şəbəkədə K. Zeynallı özü videomüraciət yayıb.
“Azərbaycana gəlirdim. Rusiyanın “Domodedovo” şəhər aeroportunda polislər məni saxlayıb bölməyə gətirdilər. Dedilər ki, Ermənistan məni beynəlxalq axtarışa verib. Bildirdilər ki, “ya səni Ermənistana təhvil verəcəyik, ya da onlar gəlib səni burdan aparacaqlar”. Səhər məhkəmə qarşısına çıxarılacağam”, - o deyib.
K.Zeynallı bildirib ki, o, ötən ilin mayından axtarışa verilib və bu müddət ərzində bir neçə dəfə Rusiyaya gəlib-gedib: “İndi həbs elədilər. Ümid edirəm ki, dövlət qurumlarımız mənə dəstək olacaqlar. Qoymazlar ki, məni onlara təhvil versinlər. Hazırda polis bölməsindəyəm. Gözləyirəm...”.