Türkiyə-Azərbaycan Universitetində yaradılacaq model heç bir modelin təkrarı olmayacaq.
Senzor.az bildirir ki, bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli media nümayəndələrinə açıqlamasında deyib.
Onun sözlərinə görə, Universitet həm Azərbaycan, həm də əcnəbi tələbələrə keyfiyyətli təhsil verəcək: “Azərbaycan universitetlərinə əcnəbi tələbələrin gəlməsi bizim üçün vacib məsələlərdən biridir. İxtisaslara gəldikdə isə növbəti illərdə ixtisasların sayı artırılacaq”.
Nazir müşaviri Universitetin maliyyələşdirilməsi məsələsinə də aydınlıq gətirib: “Türkiyə tərəfi Azərbaycanla birlikdə akademik dəstək göstərəcək. İnzibati tərəfi daxil olmaqla, maliyyə dəstəyi də Azərbaycan tərəfindən göstəriləcək”.
Təhsilin ödənişli və ya dövlət hesabına olması məsələsinə gəldikdə isə müşavir bildirib ki, gələcəkdə hər iki forma nəzərdə tutula bilər: "Bu barədə yaxın vaxtlarda məlumat veriləcək".
Onun sözlərinə görə, Universitetə qəbul üçün imtahan Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək: “Universitetdə magistratura pilləsinin olub-olmaması ilə bağlı yaxın günlərdə məlumat veriləcək. Bu universitetin təkcə Azərbaycan üçün deyil, həm də regionun önəmli təhsil müəssisəsinə çevrilməsini istəyirik”.
Daha bir maraqlı məqam: Türkiyə-Azərbaycan Universitetinin binası Bakıda olacaq.
Nicat Məmmədli onu da bildirib ki, Universitetdə birgə tədris prosesi qurulacaq: “Birgə tədris prosesi Türkiyə və Azərbaycan müəllimləri tərəfindən aparılacaq. Tədris dili ilk olaraq türk və ingilis dili üzrə olacaq".