Mayın 15-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.
Senzor.az bildirir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonu Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.
**22:23
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana dövlət səfərinə gəlib.
BelTA xəbər verir ki, dövlət başçısının təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Aleksandr Lukaşenkonu Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov, Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Məhərrəm Əliyev, o cümlədən Belarus nümayəndə heyətinin üzvləri - Baş nazirin müavini İqor Petrişenko, xarici işlər naziri Sergey Aleynik və Belarus diplomatik missiyasının rəhbəri Andrey Ravkov qarşılayıblar.
**19:01
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana dövlət səfərinə yola düşüb.
Bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda dövlət başçısı Azərbaycan Prezidenti İlham Əliyev ilə rəsmi danışıqlar aparacaq.
İki liderin görüşü təkbətək formatda və nümayəndə heyətləri üzvlərinin iştirakı ilə geniş tərkibdə keçiriləcək.
Prezidentlər müxtəlif sahələrdə ticari-iqtisadi əlaqələrin genişləndirilməsi, sənaye və kənd təsərrüfatı sahələrində əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi vurğulanmaqla ikitərəfli münasibətlərin aktual məsələlərini nəzərdən keçirəcəklər.
Danışıqların digər mövzusu Belarus və Azərbaycan arasında beynəlxalq platformalarda və inteqrasiya birliklərində əməkdaşlıq olacaq. Dövlət başçıları regionda və bütövlükdə dünyada vəziyyəti müzakirə edəcəklər.
Danışıqlar nəticəsində ikitərəfli sənədlər paketi imzalanacaq.
Gözlənilir ki, Bakıda Aleksandr Lukaşenko və İlham Əliyev Azərbaycanın beynəlxalq kənd təsərrüfatı sərgisi olan “Caspian Agro”ya da baş çəkəcək, burada Belarus və Azərbaycanın ekspozisiyaları, kənd təsərrüfatı sahəsində birgə layihələrin həyata keçirilməsi ilə tanış olacaqlar.