Azərbaycanda Tacikistan Mədəniyyəti Günləri keçirilir - FOTO

Mayın 20-də Heydər Əliyev Mərkəzində Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Tacikistan Mədəniyyət Günlərinin açılış mərasimi keçirilib.

 

Senzor.az bildirir ki, əvvəlcə qonaqlar Tacikistan rəssamlarının rəsm sərgisinə, xalq sənətkarlığı və milli geyim nümunələrinə baxıblar, Tacikistanın milli geyimləri və milli mətbəxinin yeməkləri ilə tanış olublar. 

Açılış mərasimində çıxış edən mədəniyyət naziri Adil Kərimli Tacikistan Mədəniyyət Günlərinin Azərbaycanda təntənəli açılışı münasibətilə tədbir iştirakçılarını salamladığına görə çox məmnun olduğunu bildirib: “Biz əminik ki, Tacikistan Mədəniyyət Günlərinin Azərbaycanda keçirilməsi bütün sənətsevərlər üçün mühüm və əhəmiyyətli hadisədir. Əsrlər boyu Azərbaycanla Tacikistan arasında tarixi-mədəni və mənəvi bağlara əsaslanan güclü əlaqələr mövcud olub. Bu bağlar mədəni mübadilə və birgə təşəbbüslər üçün maraqlı perspektivlər yaratmağa davam edir. İkitərəfli əməkdaşlığın inkişafında dövlətlərimizin başçıları - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon arasında dostluq münasibətləri xüsusi rol oynayır”.

 

Hər iki ölkənin həm ikitərəfli, həm də çoxtərəfli formatlarda fəal əməkdaşlığını qeyd edən mədəniyyət naziri ikitərəfli səviyyədə görkəmli mədəniyyət nümayəndələrinə həsr olunmuş tədbirlərin təşkil olunduğunu, təcrübə mübadiləsinin və ədəbi əsərlərin Azərbaycan dilindən tacik dilinə və əksinə tərcüməsinin həyata keçirildiyini vurğulayıb. Nazir əlavə edib ki, Tacikistanda əsərləri məktəb proqramına daxil edilmiş böyük Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığına dərin ehtiramla yanaşılır.

 

“Ekspozisiyada azərbaycanlı heykəltəraş Fuad Əbdürrəhmanov tərəfindən 1964-cü ildə yaradılmış əsəri gördüyüm üçün çox şadam. İki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsinin zəruriliyini də qeyd etmək istərdim. Tacikistan Mədəniyyəti Günləri Bakıda və Gəncədə keçiriləcək ki, bu da geniş ictimaiyyətə qardaş tacik xalqının qədim tarixi, zəngin mədəniyyəti, ənənələri, mənəvi dəyərləri ilə tanış olmağa imkan verəcək. Mədəniyyət Günləri çərçivəsində müxtəlif maraqlı tədbirlərin keçirilməsi planlaşdırılır. Mədəniyyət Günlərinin yekun tədbiri isə Gəncə Dövlət Filarmoniyasında konsert olacaq”, - deyə Adil Kərimli bildirib. 

Tacikistanın mədəniyyət naziri Matlubahon Sattoriyon Tacikistan Respublikasının mədəniyyət xadimləri adından tədbir iştirakçıları salamlayıb: “Xoş fürsətdən istifadə edərək, ilk növbədə, demək istəyirəm ki, iki ölkənin hökumətlərinin və liderlərinin, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəstəyi sayəsində ikitərəfli münasibətlərimiz, xüsusilə mədəniyyət sahəsində əməkdaşlığımız ildən-ilə inkişaf edir.

 

Diplomatik münasibətlərin qurulmasından bəri Tacikistan-Azərbaycan əməkdaşlığı ənənəvi olaraq qarşılıqlı faydalı və bərabərhüquqlu tərəfdaşlıq istiqamətində qurulub və ümumilikdə siyasi, ticari-iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf edib. Maraqlıdır ki, məhz mədəniyyət sahəsində Tacikistanla Azərbaycan arasında əlaqələr getdikcə daha əlamətdar, daha geniş və yaxın olur. Tacikistan və Azərbaycan son illərdə mədəniyyət sahəsində kifayət qədər intensiv mübadilələr həyata keçiriblər.

 

Xalqlarımız arasında möhkəm mədəni əlaqələrin bariz nümunəsi həm taciklərin, həm də azərbaycanlıların qürur mənbəyi, XII-XIII əsrlərin böyük Azərbaycan mütəfəkkiri, şairi və görkəmli filosofu Nizami Gəncəvidir. Nizaminin “Xəmsə”si, yəni beşlik adlanan poemaları bənzəri olmayan ədəbiyyat nümunəsidir. Tacikistanda Azərbaycan xalqının məşhur etnik xüsusiyyətləri ilə seçilən özünəməxsus milli mədəniyyətini yaxşı tanıyırlar, sevirlər və qiymətləndirirlər. 

Əsrlər boyu Azərbaycan xalqı zəngin, rəngarəng ənənəvi mədəniyyət nümunələri yaradıb və böyük yaradıcılıq uğurlarına imza atıb. Qeyd etmək lazımdır ki, Mədəniyyət Günlərinin keçirilməsi xalqlarımızın mədəni sərvətlərini nümayiş etdirən böyük bayramdır. Şübhəsiz ki, mədəniyyət günləri ölkələrimiz arasında dostluğun möhkəmlənməsinə xidmət edir. İcazə verin, sülhsevər Azərbaycan xalqını Tacikistanın mədəniyyəti və incəsənəti ilə tanış etmək imkanı yaratdığınıza görə bir daha minnətdarlığımızı bildirək”, - deyə Tacikistanın mədəniyyət naziri bildirib.

 

Mədəniyyət Günləri çərçivəsində respublika incəsənət xadimlərinin konsert proqramını, rəssamların və xalq sənətkarlarının sərgisini, Tacikistan xalqının tarixindən, mədəniyyətindən, adətlərindən və Tacikistanın paytaxtının - gözəl və bənzərsiz təbiəti olan Düşənbə şəhərinin cəlbedici obrazından bəhs edən milli geyimləri, bədii və tarixi filmləri özləri ilə gətirdiklərini qeyd edən nazir deyib: “Fürsətdən istifadə edərək, Tacikistan xalqına, çoxəsrlik və müasir mədəniyyətimizə göstərdiyi dəstəyə, səmimi hörmətə görə Tacikistan Mədəniyyət Nazirliyi adından Azərbaycan Respublikası Hökumətinə və Mədəniyyət Nazirliyinin rəhbərliyinə səmimi təşəkkürümü bildirirəm”. 

Çıxışlardan sonra Tacikistan incəsənət ustalarının iştirakı ilə böyük konsert proqramı təqdim edilib. Tacik ifaçılarının təqdim etdiyi musiqi və rəqs nömrələri alqışlarla qarşılanıb.

 

Açılış mərasimində hər iki ölkənin rəsmi şəxsləri, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

 

Azərbaycanda Tacikistan Mədəniyyəti Günləri mayın 23-də başa çatacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.