Ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı mayın 29-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
Senzor.az bildirir ki, bu mərhələdə Xocalı şəhərinə 24 ailə 88 nəfər köçürülüb.
Doğma yurda qayıdan Xocalı şəhər sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Xatırladaq ki, indiyədək Xocalı şəhərinə 44 ailənin, yəni 169 nəfərin daimi məskunlaşması təmin edilib.