“Vətən uğrunda Tavuş” hərəkatının iştirakçıları Xarici İşlər Nazirliyinin (XİN) binası yaxınlığında saxlanılan tərəfdarlarının azad edilməsi tələbi ilə Ermənistan İstintaq Komitəsinin binası yaxınlığında qeyri-adi etiraz aksiyası keçiriblər.
Bu barədə “Sputnik-Armeniya” məlumat yayıb.
Vəkil Ruben Melikyan qeyd edib ki, mayın 31-də Ermənistan XİN-də saxlanılan vətəndaşlara qarşı hələ də qanunla müəyyən edilmiş qaydada ittiham irəli sürülməyib. Bu o deməkdir ki, 72 saat həbsdən sonra onların hamısı azadlığa buraxılmalıdır.
O da bildirilib ki, “Azatazen” təşkilatının üzvü İşxan Gevorqyan və aksiyanın digər iştirakçıları özlərini zəncirləyərək polis əməkdaşlarının qarşısında dayanıblar.
**11:15
“Vətən uğrunda Tavuş” hərəkatı İrəvanın Ərəbkir inzibati rayonundakı Surb Xaç kilsəsindən Ermənistan İstintaq Komitəsinin binasına doğru yürüşə başlayıb. Onlar baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, artıq İstintaq Komitəsinin binasına əlavə polis qüvvələri cəlb edilib.
Yürüş başlamazdan əvvəl hərəkatın rəhbəri arxiyepiskop Baqrat Qalstanyan qeyd edib ki, etirazçılar komitəyə tələblər təqdim etmək niyyətindədirlər.
Eyni zamanda o, əlavə edib ki, Ermənistanda bütün qərarları bir nəfər qəbul edir və bunu hamı bilir.
B.Qalstanyan bildirib ki, xarici səfirlər hər şeyi görür, qeydə alır, amma Ermənistan hakimiyyəti ilə razılaşmalara əsaslanaraq susurlar.
"ABŞ səfirinin orada etiraz etdiyimiz gün Daxili İşlər Nazirliyini ziyarət etməsi, polis islahatlarından, bunun üçün böyük məbləğlərin verilməsindən danışması və eyni zamanda 40 polisin bir nəfəri döyməsi təəccüblüdür? Bu ikiüzlülük deyilmi? Hansı islahatlardan danışırlar? Əvvəllər üç nəfər döyürdü, indi 40 nəfər döyür. Bu islahatdır?" – deyə arxiyepiskop qəzəblə soruşub.
O bildirib ki, hərəkatın tərəfində çıxış edən diplomatlar bu gündən etibarən səfirliklərə və beynəlxalq təşkilatların ofislərinə gedəcəklər.
Öz növbəsində, Ermənistan parlamentinin müxalif "Şərəfim var" fraksiyasından olan deputatı Tiqran Abramyan bildirib ki, parlament fəaliyyəti dövründə polis tərəfindən bu cür təcavüz görməyib. O, həbsxanadakı məhbusları ziyarət edib və bildirib ki, demək olar, hər kəsin bədən xəsarəti var: "Xidməti araşdırmalar aparmaq yox, cinayət işləri açmaq lazımdır. Cinayətlər törədilib, onları ört - basdır etmək yox, araşdırmaq lazımdır”.
**22:53 (02.06.2024)
Ermənistanın "Vətən naminə Tavuş" müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan ötən həftənin yekunlarını və yaxın gələcək üçün planlarını təqdim etmək üçün tərəfdarlarını İrəvanın mərkəzindəki Müqəddəs Anna kilsəsinə toplayıb.
Senzor.az bildirir ki, müxalifətin mitinqi yerli xəbər portalları tərəfindən yayımlanıb.
O, tərəfdarlarını bazar ertəsi saat 10:00-da (Bakı vaxtı ilə 11:00) Müqəddəs Xaç kilsəsinin həyətinə toplaşaraq Ermənistan İstintaq Komitəsinə doğru hərəkət etməyə çağırıb.
“Tələblərimizin nədən ibarət olacağını yerində söyləyəcəyəm. Ya bizə cavab verəcəklər, ya da biz öz əməllərimizdə təm sərbəst olacağıq”, - deyə arxiyepiskop vurğulayıb.
O, yaxın gələcəkdə Vanadzor, Vardenisə getməyi planlaşdırdıqlarını, həmçinin Sünik bölgəsinə səfər etmək istədiklərini də bildirib: “Bu fəlakət Tavuşdan Meğriyə qədər davam edəcək. Bu adamlar qanunsuz təxribatlarını təkcə Tavuşla məhdudlaşdırmayacaqlar”.
Baqrat Qalstanyan onu da qeyd edib ki, növbəti həftə ərzində onlar böyük mitinq elan edəcəklər və bu qaçılmazdır: "Bu mitinq qələbəyə aparan konkret addımların atılması istiqamətində mühüm mərhələ olacaq".
Xatırladaq ki, mayın 31-i polis Ermənistan Xarici İşlər Nazirliyinin binası yaxınlığında 28 aksiya iştirakçısını saxlayıb, onlardan 27-si hələ də buraxılmayıb.
Senzor.az