Makron Bakını yeni müharibəyə çəkmək istəyir - REGİONAL TƏXRİBATIN DETALLARI
ELÇİN ALIOĞLU YAZIR

Fransa Ermənistana "Caesar-155" özüyeriyən artilleriya qurğularının (ÖAQ) satışı ilə bağlı İrəvanla saziş imzalayıb. Bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornyu deyib.

 

"Müdafiə sahəsində Ermənistanla münasibətlərimizi möhkəmləndirməyə davam edirik. Yeni önəmli mərhələ "Caesar" haubitsalarının satışıdır", - S.Lekornyu X sosial şəbəkəsindəki akkauntunda yazıb.

 

Ermənistanın müdafiə naziri Suren Papikyanın Parisə rəsmi səfəri əsnasında imzalanmış anlaşma barədə təfərrüatlı məlumat verilmir.

 

Bu arada Fransanın bir sıra siyasətçiləri, dövlət və ictimai xadimləri prezident Emmanuel Makrona açıq məktub ünvanlayaraq onu Ermənistana sülhməramlı kontingent yollamağa çağırıblar.

 

Məktubu Parisin meri Ann İdalqo, Fransanın keçmiş xarici işlər naziri Bernard Kuşner və digər məşhur şəxslər imzalayıblar.

 

Məktubu imzalayanlar arasında Respublikaçılar Partiyasının sədri Erik Çiotti, Avropa Parlamentinin üzvü Fransua-Ksavye Bellami, regional qanunvericilik assambleyalarının sədrləri Valeri Pekres (İl-de-Frans), Ksavye Bertran (O-de Frans), Loren Vaskes (Overn-Ron-Alp), Nitsa şəhərinin meri Kristian Estrosi, Fransadakı yunan (o cümlədən Kipr) və kürd təşkilatlarının nümayəndələri, həmçinin jurnalistlər, yazıçılar və tarixçilər də var.

 

Sebastyan Lekornyu və Suren Papikyan arasında ötən danışıqlar bu ilin fevralında aparılmışdı. Həmin danışıqlar zamanı Fransanın müdafiə naziri bəyan etmişdi ki, "zərurət yaranarsa" Paris Ermənistana kiçik, orta və uzaq məsafəli hava hücumundan müdafiə raketləri verməyə hazırdır.

 

Aşkardır ki, Fransa prezidenti Emmaenuel Makron Ermənistan silahlı qüvvələrinin qalıqlarını sürətlə silahlandırmaq niyyətindədir.

 

Bununla yanaşı o, Ermənistandan plasdarm qismində istifadə edərək Cənubi Qafqazdakı proseslərə effektiv təsir imkanlarına yiyələnməyə can atır. Onun ümdə geostrateji məqsədləri arasında Ermənistana hərbçilər yollamaq da var.

 

Avropa İttifaqının Müşahidə-Monitorinq Missiyası (EUMA) adlı tragikomik qurum vasitəsilə Parisin regionumuzla bağlı planlarının minimal qismini belə, təmin edə bilməyəcəyini dərk edən E.Makron Azərbaycana təzyiq göstərmək üçün hərbi kontingentin göndərilməsini arzulayır.

 

Fransanın bir sıra siyasətçiləri və ictimai xadimlərinin, yazıçılarının, habelə yunan, Kipr və kürd icmalarının birgə açıq məktubu da əslində Ermənistan vasitəsilə bölgəyə hərbi kontingent yerləşdirmək üçün "ziyalı təşəbbüsü" ilə ictimai rəyin formalaşdırılmasına yönəlmiş cəhddir.

 

Rəsmi Parisin məqsədi, bəyan etdiyi kimi, "Ermənistana tam və total dəstək" vermək, ermənilərə hamilik və havadarlıq etmək yox, Ermənistanı növbəti müstəmləkəsinə çevirərək neokolonialist siyasətini Cənubi Qafqazda da davam etdirməkdir.

 

Azərbaycanla Ermənistan arasında şərti dövlət sərhədinin demarkasiyası və delimitasiyası, yekun sülh sazişinin imzalanması, regional kommunikasiyaların bərpası və yeni loqistik marşrutların açılması ilə bağlı birbaşa, vasitəçilərsiz danışıqların aparıldığı zamanda Fransanın yürütdüyü siyasət aşkar təxribat, sülh prosesinə ağır zərbə vurmaq istəyidir.

 

Rəsmi Parisin ölkəmizə qarşı yürütdüyü aşkar düşmənçilik siyasətinin təzahürləri o həddə çatıb ki, Azərbaycan Müdafiə Nazirliyi xüsusi bəyanat yayaraq bütün bu pozuculuq fəaliyyətinə görə məsuliyyətin Fransa və Ermənistan rəhbərliyinin üzərinə düşdüyünü vurğulayıb.

 

Bəyanat əlahiddə önəm daşıdığı üçün təqdim edirik: "Azərbaycan tərəfinin xəbərdarlığına rəğmən Fransanın Ermənistanı öldürücü və hücum təyinatlı artilleriya qurğuları və digər silah növləri ilə təchiz etməsi Fransanın Cənubi Qafqaz regionunda təxribatçı fəaliyyət aparmasının növbəti sübutudur.

 

Fransa Müdafiə Nazirliyi keçən ilin oktyabrında verdiyi açıqlamasında Ermənistana tədarük edilən hərbi texnikanın müdafiə xarakteri daşıdığını iddia etsə də, hazırkı hərbi sövdələşmə ilə Ermənistanın öldürücü silahlarla təchiz edilməsi Fransa rəhbərliyinin riyakarlığının növbəti təzahürüdür.

 

Cənubi Qafqaz regionunda militarizasiya və geosiyasi intriqa siyasəti yürüdən Makron rejimi Ermənistan ilə Azərbaycan arasında normallaşmaya və regionda davamlı sülhün təmin olunmasına maneə olur. Bu kimi destruktiv və qərəzli siyasətinə görə normallaşma və regional proseslərdən kənarda qalan Fransanın indiki rəhbərliyi bunu Azərbaycana bağışlaya bilmir və ona görə də pozucu siyasətini davam etdirir.

 

Ermənistan Azərbaycana qarşı hərbi təcavüz və işğal törətmiş dövlətdir. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransa tərəfindən qanlı hərbi təcavüz törətmək təcrübəsi olan Ermənistanın yenidən silahlandırılması və Ermənistan rəhbərliyinin revanşizm siyasətini dəstəkləməsi siyasi məsuliyyətsizlik olmaqla bərabər yeni müharibəyə aparan yoldur.

 

Müstəmləkəçi imperiya olaraq Fransanın tarixən dünyanın müxtəlif yerlərində müharibə və münaqişə ocaqları yaratmaq kimi ikrah doğuran zəngin təcrübəsi vardır. Yeni Kaledoniya və digər dənizaşırı müstəmləkə ərazilərində baş verən proseslər, yerli xalqların istismara məruz qoyulması, təbii sərvətlərinin talanması, irqçi siyasət nəticəsində həmin ərazilərin demoqrafik tərkibinin dəyişdirilməsi, etiraz aksiyalarının qan və silah gücünə yatırılması Makron rejiminin əsl mahiyyətinin göstəricisidir. Utancverici müstəmləkə irsinin qalığı olan bu kimi köklü problemləri həll etmək və neokolonializmə son qoymaq əvəzinə Fransa Azərbaycana qarşı çirkli təbliğat və dezinformasiya kampaniyası aparır.

 

Bəyan edirik ki, Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə və yeni müharibə ocağının yaranmasına görə məsuliyyəti tam şəkildə revanşist siyasət yürüdən Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaqdır".

 

Beləliklə, sakramental "Nə baş verir?" sualı səslənir. Suala cavab verməyə çalışaq.

 

Əldə etdiyimiz məlumatlara görə, Fransa Ermənistan hələlik 1 divizion, yəni 16 "Caesar" haubitsası verəcək.

 

155 m çaplı "Caesar" haubitsası 40 km məsafədə hədəfləri vura bilir. Fransa bu haubitsalardan Ukraynaya da yollayıb.

 

Fransanın "Nexter" hərbi konserninin istehsalı olan 155 mm çaplı "Caesar" haubitsaları yüksək dəqiqlik və sürətli atış imkanlarına malik olsa da, böyük ölçüləri baxımından döyüş meydanında asan hədəfə çevrilir.

 

Fransa Ukraynaya 14 "Caesar" verib, amma ukraynalı hərbçilər bu haubitsalardan çox könülsüz istifadə edirlər. Daha dəqiq olsaq, onlar "Caesar"ları ümumiyyətlə, cəbhə xəttinin yaxınlığına çıxarmamağa çalışırlar.

 

Rusiya hərbçiləri bu haubitsaları sadə "kamikadze" PUA-sı olan "Lanset"lərlə asanlıqla vurub sıradan çıxarırlar.

 

Sözügedən haubitsanın ölçüləri böyük olduğundan onun yeri çox qısa müddətdə müəyyənləşdirilir.

 

ABŞ istehsalı olan M777 haubitsasından fərqli olaraq, "Caesar"ı antidron qəfəslə qorumaq mümkün deyil və bu səbəbdən də fransızların ÖAQ-ı "kamikadze" dronların asan hədəfinə dönür.

 

Bütün bunlarla yanaşı, "Caesar" çox ciddi qulluq və xidmət tələb etdiyindən ağır döyüş şəratinə uyğun gəlmir. Haubitsanın önəmli hissələri sürətlə çirkləndiyindən daim təmizlənmə prosedurları yerinə yetirilməlidir.

 

"Caesar"lar əvvəllər üçoxlu "Renault Sherpa 5" avtomobilində olurdusa, indi Çexiya istehsalı olan "Tatra T815"dan istifadə edilir. Haubitsa təriflənsə də, Fransanın Danimarkaya satdığı haubitsalar çoxsaylı texniki nasazlıqlar və xətalar səbəbindən geri qaytarılmışdı.

 

Fransa da məhz həmin defektiv haubitsaları Ukraynaya verib.

 

Ermənistana göndəriləcək "Caesar"ların da defektli olduğu vurğulanır.

 

Fransa Ermənistanı sürətlə silahlandırmaqla yanaşı, İrəvanın sülh danışıqlarındakı mövqeyini də nəzarətdə saxlayır. Azərbaycanla Ermənistan arasında şərti dövlət sərhədinin demarkasiyası və delimitasiyası prosesinin davam etdirilməsi, yəni hələ də erməni işğalında olan 4 kəndimizin azad edilməsi üçün də "referendum keçirilməsinə zərurət olması"ndan bəhs edən Nikol Paşinyanın bəyanatı onun dediyi kimi, "erməni xalqının maraqlarına görə" deyil.

 

Paşinyan bu bəyanatı Parisin birbaşa göstərişi ilə səsləndirib.

 

Parisin məqsədi Cənubi Qafqazda gərginlik yaratmaq, yeni müharibə situasiyasını şərtləndirəcək proseslərə təkan vermək, bölgədə genişmiqyaslı iqtisadi layihələrin həyata keçməsinə və ən başlıcası, Azərbaycanla Ermənistan arasında sülh sazişinin əldə edilməsinə imkan verməməkdir.

 

Məhz bu baxımdan Ermənistan Müdafiə Nazirliyi mənsublarının Naxçıvandakı mövqelərimizi atəşə tutması təsadüfi deyil. Parisin təlimatları ilə davranan İrəvan Bakının səbrinin tükənəcəyini, Azərbaycan Ordusunun dəqiq cavab zərbələrindən Ermənistanla şərti dövlət sərhədlərimiz boyu təhlükəsizlik zonasının yaradılmasına keçəcəyini gözləyir. Belə olarsa, Paris dərhal Azərbaycanı “ermənilərə qarşı aqressiya”da suçlayaraq Ermənistana hərbi kontingentini yeridəcəyinə ümid edir.

 

“Caesar” özüyeriyən artilleriya qurğularının satışı ilə bağlı Parislə İrəvan arasında imzalanmış anlaşma da buna dəlalət edir. Sözügedən haubitsalar müdafiə yox, hücum silahıdır.

 

Parisin ssenarisi primitivdir: Ermənistan ilk əvvəl aqressiv şəkildə Rusiyadan tələb etməlidir ki, KTMT çərçivəsində “təhlükəsizliyi tam təmin olunsun”. Təbii ki, Moskva İrəvanın bu tələbini tam məntiqlə rədd edəcək və onda Nikol Paşinyan Moskvanı “Bakı ilə əlbir olmaq”da suçlayaraq Ermənistanın KTMT sıralarını tərk etdiyini bəyan edərək Rusiyanın 102-ci hərbi bazasının Ermənistandan çıxarılmasını tələb edəcək.

 

Və dərhal “əsl müttəfiq”lərə yardım üçün müraciət edəcək.

 

Fransanın Ermənistana hərbçilər göndərmək, ölkəni yeni müstəmləkəsinə çevirmək istəyi də Nikol Paşinyanı əsla narahat etmir.

 

Erməni generallarla münasibətləri çox sərin olan Paşinyan anlayır ki, ölkədəki etiraz aksiyalarının intensivliyi və miqyası artarsa, onlar radikal forma alarsa, hərbçilərin dəstəyinə bel bağlaya bilməyəcək.

 

Nikol Paşinyan hadisələrin özü üçün ən pis inkişaf variantında fransız hərbçilərə bel bağlamağı da istisna etmir.

 

Ermənistan Afrikadakı bir sıra ölkələr kimi, Fransadan tam asılı vəziyyətə düşsə belə…






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.