Bakıda Heydər Əliyev Sarayında Rusiya Mədəniyyəti Günlərinin açılışı olub.
Senzor.az bildirir ki, Mədəniyyəti Günləri “Rus klassikası” qala-konserti ilə başlayıb.
Tədbirin açılışında Rusiya mədəniyyət nazirinin müavini Andrey Malışev deyib: “Bu gün biz Azərbaycanda 2019-cu ildən keçirilməyən Rusiya Mədəniyyəti Günlərini açırıq. Çox ümid edirəm ki, yenidən başladığımız bu iş bundan sonra da davam etdiriləcək və ənənəvi olaraq hər il keçiriləcək”.
A.Malışev qeyd edib ki, o, Azərbaycanın mədəniyyət naziri ilə birgə film istehsalı və yaradıcılıq mübadiləsi qruplarının qastrol səfərlərini müzakirə edib.
“Hazırda Rusiyada qastrol və konsert planı bərpa olunub ki, bu da dövlət teatrlarına və milli kollektivlərə, mahnı və rəqs ansambllarına ölkəmizin bütün regionlarına səfər etmək imkanı verir. Bu gün razılaşdıq ki, gələn ildən başlayaraq Azərbaycandan da yaradıcı qruplar bu proqrama daxil edilsin”, - o vurğulayıb.
Öz növbəsində, Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov müasir Azərbaycan-Rusiya əlaqələrinin üzərində qurulduğu qarşılıqlı anlaşma və dostluğun xüsusi diqqətəlayiq olduğunu qeyd edib.
“Qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi çərçivəsində “Kino həftəsi”nin təşkili bir növ ənənəyə çevrilib”, - o xatırladıb.
M.Hüseynovun sözlərinə görə, mədəniyyət günlərinin keçirilməsi, birgə layihələr ölkələrimiz arasında incəsənət sahəsində əməkdaşlıq üçün əsas amildir.
Qala-konsertdə Rusiyanın əməkdar artisti İvan Rudinin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri məşhur rus bəstəkarları Çaykovskinin, Raxmaninovun, Rimski-Korsakovun, Şostakoviçin məşhur əsərlərini ifa edib.
Qeyd edək ki, iyunun 25-də Səməd Vurğun adına Azərbaycan Akademik Rus Dram Teatrında Moskva Quberniya Teatrının ifasında “Ailə şəkli” tamaşasının nümayişi olacaq.
Tədbirlər proqramına ustad dərsləri də daxildir. İyunun 25-də Səməd Vurğun adına Rus Dram Teatrında Moskva Quberniya Teatrının aktrisası Alina İvaxın Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri üçün vokal üzrə ustad dərsi keçiriləcək. Eyni zamanda, artistlər Aleksandrin Pitirimov və Natalya Kulikova aktyorluq sənəti üzrə ustad dərsi keçəcəklər.
**18:23
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyası tərəfindən 2024-cü ilin 22 yanvar tarixində "Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024 - 2026-cı illər üçün Yol Xəritəsi" imzalanıb. Sənədin müvafiq bəndinə əsasən, iyunun 22-dən 26-dək Azərbaycanda Rusiya Mədəniyyəti Günlərinin keçirilməsi nəzərdə tutulub.
Mədəniyyət Nazirliyindən Senzor.az-a bildirilib ki, Mədəniyyət Günləri münasibətilə qonşu ölkədən geniş nümayəndə heyəti, tanınmış incəsənət ustaları Azərbaycana gəlib.
Tədbir çərçivəsində bu gün Heydər Əliyev Sarayında Rusiya incəsənət ustalarının iştirakı ilə təntənəli qala konsert keçiriləcək. İyunun 25-də isə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Rusiyadan gəlmiş mütəxəssislər Aleksandrina Koloqriva və Nataliya Kulikovanın aktyor sənəti, Alina İvaxın vokal üzrə ustad dərsləri təşkil olunacaq.
Həmin gün sənətsevərlər Akademik Rus Dram Teatrında Moskva Quberniya Teatrının Aleksandr Ostrovskinin "Ailə şəkli" ("Семейная картина", 1847) pyesi əsasında hazırladığı eyniadlı tamaşanı izləyəcəklər.