Növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçki məntəqələri sentyabr 1-dək tam hazır vəziyyətə gətiriləcək.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib.
"Əsas maraqlarımızdan biri seçki məntəqələrinin səsvermə üçün sentyabr 1-dək tam hazır vəziyyətə gətirilməsi məsələsidir. Bizim məntəqələr çox yüksək səviyyədə hazırlanır”, - deyə MSK sədri vurğulayıb.
**
Növbədənkənar parlament seçkilərində nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi prosesinin nə zaman yekunlaşacağı məlum olub.
Bu, “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda əksini tapıb.
Namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən аzı 30 gün qalmış saat 18:00-dək nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim etməlidir.
Növbədənkənar parlament seçkiləri ilə əlaqədar bu müddət iyulun 13-dən başlayaraq, avqust ayının 2-si saat 18:00-dək olan dövrü əhatə edir.
**
Növbədənkənar parlament seçkiləri ilə əlaqədar birmandatlı seçki dairəsi üzrə deputatlığa namizədlərin irəli sürülməsi prosesi artıq başlayıb.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK katibi Arifə Muxtarova deyib.
O bildirib ki seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı rəsmi dərc olunduqdan sonra passiv seçki hüququ olan vətəndaşlar öz təşəbbüsləri ilə, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları birmandatlı seçki dairələri üzrə namizədlərin irəli sürülməsinə başlaya bilər: “DSK-lar isə sənədlərin seçki komissiyasına təqdim edilməsindən sonra 5 gün müddətində namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması barədə əsaslandırılmış qərar qəbul edirlər”.
**16:43
Biz ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu parlament seçkiləriinin uzunmüddətli müşahidəsi ilə əlaqədar dəvət edəcəyik. Səhv etmirəmsə, onlar yay dövründə uzunmüddətli müşahidə keçirmirlər.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu qısamüddətli müşahidə keçirəcək: “Amma biz istərdik ki, uzunmüddətli müşahidə keçirsinlər. Biz çox məmnuniyyətlə onları burada qarşılamağa hazırıq”.
Məzahir Pənahov qeyd edib ki, geniş çeşiddə müşahidə missiyasının Azərbaycanda fəaliyyət göstərməsini təmin edəcəklər: “Yerli müşahidəçilər də MSK-ya müraciət edə bilərlər. Hər hansı konkret seçki dairəsinin hüdudlarında seçkini müşahidə etmək üçün həmin dairənin seçki komissiyasına müraciət edilməlidir. Kim müraciət edirsə, hamısına şərait yaratmağı tapşırmışıq”.
**
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçicilərə müraciət edib.
Məzahir Pənahov deyib ki, adı hansısa səbəbdən seçici siyahısına düşməyən seçici varsa, o, müraciət etsin.
MSK sədri qeyd edib ki, bu məsələ operativ şəkildə, qanunauyğun şəkildə həll ediləcək.
**
Hesab edirəm ki, siyasi partiyalar da seçkidə geniş iştirak edəcək.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, partiyalar seçkiyə maraq göstərir, bunu mətbuatdan izləyir: “Onlar üçün də yaddaş kitabçaları təqdim etmək lazımdır. İndiyə qədər bizə bununla bağlı hər hansı irad olmayıb”.
**
Parlament seçkiləri tarixə düşəcək, çünki Azərbaycanın bütün suveren ərazilərində keçiriləcək.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, bu seçkilər tarixi seçkidir: “Burada məntəqələrin sayı bir az çox olacaq. Bu, təbiidir. Hazırda azad edilmiş ərazilərdə məskunlaşma sürətlə davam edir, insanlar öz torpaqlarına qayıdır. Bu seçkilərdə biz onları məmnuniyyətlə nəzərə alacağıq. Bu baxımdan Milli Məclisə seçkilər də çox böyük tarixi əhəmiyyət kəsb edəcək. Bizim fəaliyyətimiz çox böyük standartlarla həyata keçirilməlidir. Bizim fəaliyyətimizdə birinci maarifləndirmə məsələsidir”.
**
Növbədənkənar parlament seçkiləri ilə əlaqədar aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı (öz təşəbbüsü ilə, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında), beynəlxalq (xarici) müşahidəçilər (qanunla müəyyənləşdirilmiş qaydada Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçməklə) tərəfindən Azərbaycan Respublikasının bütün seçki dairələrində müşahidə aparılması üçün ərizələrin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi seçkilərin təyin edilməsi haqqında sərəncamın rəsmi dərc olunduğu gündən başlayaraq seçkilərin keçirilməsinə 10 gün qalanadək davam edəcək.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova deyib.
O bildirib ki, növbədənkənar parlament seçkiləri ilə əlaqədar ilə əlaqədar bu proses avqustun 22-dək davam edəcək.
**
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında növbədənkənar parlament seçkiləri ilə əlaqədar MSK-nın nəzdində ekspert qrupu və işçi qrupunun yaradılması məsələsi müzakirəyə çıxarılıb.
Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
**16:26
Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı təsdiq edilib.
Senzor.az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qərar qəbul edilib.
Komissiya katibi Arifə Muxtarovanın təqdimatına əsasən, namizədlərin qeydə alınması üçün sənədlərin MSK-ya təqdim edilməsi vaxtı haqqında məlumat verilib.
Qeyd edilib ki, seçki prosesinin yekunlaşması, nəticələrin elan edilməsi ən gec sentyabrın 22-də başa çatdırılacaq.
**16:00
Mərkəzi Seçki Komissiyasının (MSK) növbədənkənar parlament seçkiləri ilə əlaqədar ilk iclası başlayıb.
Senzor.az-ın xəbərinə görə, iclasın gündəliyinə “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nın qəbul edilməsi, MSK-nın nəzdində ekspert qrupu və işçi qrupunun yaradılması daxildir.
İclasın gündəliyinə bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi də daxil olunub.
Qeyd edək ki, iyunun 20-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclasında YAP-ı Milli Məclisdə təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə qərar qəbul edilib.
Milli Məclisin iyunun 21-də keçirilən plenar iclasında YAP deputatlarının təşəbbüsü müzakirə olunub, qərar qəbul edilib. Deputatlar parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət ediblər.
İyunun 27-də Konstitusiya Məhkəməsinin Plenumunun iclası keçirilib və iclasın yekununda Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğun olması barədə qərar qəbul edilib.
Prezident İlham Əliyevin iyunun 28-də “Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, Milli Məclisə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.