Fransada keçirilən növbədənkənar parlament seçkilərinin ikinci turunun nəticələrinə görə, siyasi bloklardan heç biri 289 mandatın mütləq əksəriyyətini əldə edə bilmir.
BFMTV telekanalının yaydığı məlumatda belə deyilir.
Beləliklə, “Yeni Xalq Cəbhəsi” solçu alyansı Fransada növbədənkənar parlament seçkilərinin ikinci turunda Milli Assambleyada (parlamentin aşağı palatası) 175-dən 205-ə qədər yer qazanaraq liderlik edir.
Eyni zamanda, “Respublika Naminə Birlikdə” prezident koalisiyası 150-dən 175-ə qədər, sağçı “Milli Mitinq” partiyası isə 115-dən 150-yə qədər mandata malikdir.
Senzor.az bildirir ki, bu arada Fransanın baş naziri Qabriel Attal iyulun 8-də istefa ərizəsini prezident Emmanuel Makrona təqdim edəcəyini deyib.
O bu qərara növbədənkənar parlament seçkilərinin ilkin nəticələrinin dərcindən sonra gəldiyini söyləyib.
“Demokratik ənənəyə uyğun olaraq, iyulun 8-də səhər istefa ərizəmi respublika prezidentinə təqdim edəcəyəm", - deyə o bildirib.
Eyni zamanda o, lazım olduğu qədər hökumətin başçısı vəzifəsini icra etməyə hazır olduğunu bəyan edib.