Həqiqi sülhün mümkünlüyü artdıqca, biz selektiv yanaşmaların, ikili standartların, müdaxilə cəhdlərinin yenidən gündəmə gəlməsinin şahidi oluruq. Bu yanaşma Fransa tərəfindən regionumuzda aşkar şəkildə tətbiq olunur. Fransa müxtəlif bəhanələrlə regional dinamikaya müdaxilə etməyə, Cənubi Qafqazı qarşıdurma və özünün biabırçı neokolonial təcrübələr meydanına çevirməyə çalışır.
Senzor.az bildirir ki, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova BRICS ölkələrinin X Parlament Forumunun iyulun 11-də keçirilən plenar sessiyasında çıxışı zamanı səsləndirib.
S.Qafarova əlavə edib ki, hazırda Azərbaycan və Ermənistan Cənubi Qafqaz regionuna uzunmüddətli sülh və sabitlik gətirəcək normallaşma prosesini davam etdirirlər. Azərbaycanın nümayiş etdirdiyi sərt və qəti mövqe belə cəhdlərin qarşısını qətiyyətlə alır.
“Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlayıb. Keçmiş məcburi köçkünlər artıq öz dədə-baba yurdlarına geri qayıdırlar. Beləliklə, Azərbaycan nəinki beynəlxalq hüququn norma və prinsiplərinin icrasını təkbaşına təmin edib, həm də xalqımızın 30 ilə yaxın axtardığı haqq-ədaləti də bərpa edib", - deyə Sahibə Qafarova çıxışında bildirib.