Korrupsiyada və xarici agent kimi işləməkdə təqsirli bilinən ABŞ-ın Nyu-Cersi ştatından olan ermənipərəst senator Robert Menendes istefa verib.
Senzor.az bildirir ki, R.Menendes avqustun 20-də Senatı tərk edəcək.
O, bir neçə gündür senatorlarının çağırışlarına baxmayaraq, istefa verməkdən imtina edirdi.
"Mən verilən hökmdən razı deyiləm. Ali Məhkəməyə şikayət vermək niyyətində olsam belə, Senatın onu mühüm işindən yayındıracaq uzun prosesə cəlb olunmasını istəmirəm", - deyə Robert Menendes bildirib.
Qeyd edək ki, iyulun 16-da Nyu-York ştatının andlılar məhkəməsi Menendesi korrupsiyada, Misir və Qətər üçün qanunsuz xarici agent kimi işləməkdə təqsirli bilib.
İş üzrə yekun hökm oktyabrın 29-na təyin edilib. Menendesi həbs cəzası gözləyir.
Onu da qeyd edək ki, demokrat senator həyat yoldaşı Nadine Aslanyanla birgə uzun illər ABŞ-dakı erməni lobbisinin əsas simalarından biri olub.