Vaşinqtonda İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ Konqresindəki çıxışına qarşı kütləvi nümayiş başlayıb.
Senzor.az bildirir ki, aksiya “Netanyahunu həbs edin!” şüarı altında keçirilir.
Etirazçılar İsrail baş nazirinin ABŞ-ın şərq sahili vaxtı ilə saat 14:00-da (Bakı vaxtı ilə 22:00) çıxışına başlaması planlaşdırılan Kapitoli binasının qarşısına toplaşıblar. Nümayişin təşkilatçıları - Fələstin tərəfdarı və insan haqları təşkilatlarından ibarət qrup aksiyada on minlərlə insanın iştirakını gözləyir.
ABŞ paytaxtında keçirilən etiraz aksiyası ilə əlaqədar görünməmiş təhlükəsizlik tədbirləri görülüb. Təhlükəsizlik hasarları təkcə Kapitoli ərazisində deyil, Ağ Evin yaxınlığında da quraşdırılıb. Aksiyanın keçirildiyi yerdə gücləndirilmiş polis dəstələri növbə çəkirlər.
Bundan əvvəl isə yüzlərlə yəhudi fəal Baş nazir Benyamin Netanyahuya və İsrailin blokadada olan Qəzza zolağına hücumlarına etiraz etmək üçün Konqres binalarından birinə toplaşıb.
Etirazçılar "Atəşkəs, elə indi!" yazılmış plakatlar nümayiş etdirərək "Qəzzaya həyat!", "Azad Fələstin!" və "Soyqırımını dayandırın!" şüarları səsləndiriblər.
Aksiya iştirakçıları ABŞ-ıI İsraili silahlandırmamağa və Qəzzada təcili atəşkəsə nail olmağa çağırıblar.
Netanyahu Vaşinqtona iyulun 22-də gəlib. O, çərşənbə günü Konqres qarşısında çıxış edəcək. ABŞ-ın vitse-prezidenti, böyük ehtimalla Demokratlar partiyasından prezidentliyə namizəd olacaq Kamala Harris onun çıxışında iştirak etmək niyyətində deyil.
Netanyahunun qanunvericilər qarşısında çıxışı ilə yanaşı, ABŞ Prezidenti Co Bayden və Kamala Harris ilə görüşləri planlaşdırılır. İsrailin Baş naziri Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampla da görüşəcək.
Senzor.az