İran İslam Respublikasının strateji məsələlər üzrə vitse-prezidenti təyin edilən İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif istefa verdiyini təsdiqləyib.
O bu barədə “X” hesabında paylaşım edib.
Cavad Zərif Prezident Məsud Pezeşkianın nazir seçimlərindən narazılığına görə istefa verdiyini bildirib.
Zərifə Pezeşkian administrasiyasının Keçid üzrə Strateji Şurasının rəhbəri kimi nazirliyə namizədlərin axtarışı və təklifi həvalə edilmişdi.
Zərif bildirib ki, 19 nazir seçimindən yalnız 9-u Şura tərəfindən seçilən ilk üç namizəd arasından seçilib.
Zərif paylaşımında İran xalqından üzr istəyib və bildirib ki, Pezeşkianın qərarı onu universitetdəki müəllimlik işinə qayıtmalı olduğuna inandırıb.
Yeri gəlmişkən, bu arada "Tasnim" maraqlı bir məqamı xatırladıb. Demə, Məhəmməd Cavad Zərif 11 və 12-ci hökumətlər dövründə beş dəfə istefa veribmiş...
**19:52
Avqustun 1-də İslam Respublikasının strateji məsələlər üzrə vitse-prezidenti təyin edilən İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif istefa verib.
Senzor.az bildirir ki, bu barədə İsrail nəşrləri məlumat paylaşıblar.
Bildirilir ki, son günlər sosial şəbəkələrdə Cavad Zərifin İran hökumətinin fələstinlilərin özlərindən daha çox Fələstin tərəfdarı olmamalı olduğunu söylədiyi səsyazısı-video yayılıb. Zərif deyib: “İranlılar fələstinlilərdən daha çox fələstinli olmağa çalışan hökumətdən yorulublar”.
Amma Prezident Məsud Pezeşkianın istefanı qəbul edib-etmədiyi bəlli deyil.
Senzor.az