Fələstin Prezidenti Mahmud Abbas Fələstin Muxtariyyətinin bütün üzvləri ilə birlikdə Qəzza zolağına səfər etmək niyyətində olduğunu bəyan edib.
Senzor.az bildirir ki, o, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş Assambleyasında çıxış edərkən deyib.
“Bizim başqa çarəmiz qalmayıb. Bununla əlaqədar mən və Fələstin Muxtariyyətinin bütün üzvləri Qəzzaya getmək qərarına gəldik və biz bunu həyata keçirəcəyik”, - deyə o bildirib.
Abbas Fələstinin, Fələstin xalqının qanuni hüquqlarının qorunması ilə bağlı Türkiyənin mövqeyini yüksək qiymətləndirdiyini vurğulayıb.
Mahmud Abbas Qəzza zolağının əhalisinə on minlərlə ton humanitar yardım göndərdiyinə görə Türkiyəyə minnətdarlığını bildirib.
O, Fələstin xalqının öz torpaqlarını azad etmək uğrunda mübarizəsindən əl çəkməyəcəyini vurğulayıb.
“Fələstinlilər öz hüquqlarını müdafiə etməyə davam edəcək və torpaqlarını tərk etməyəcəklər. Fələstin xalqı işğalçıları öz torpaqlarından mütləq qovacaq”, - deyə Fələstin lideri bildirib.
Mahmud Abbas Fələstindəki bütün siyasi qüvvələrin birləşməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Fələstin Muxtariyyəti bu istiqamətdə səylər göstərir: "Fələstinin qələbəsinə aparan yol onun birliyindən keçir".
Fələstin Prezidenti bir daha Fələstin rəhbərliyinin bütün üzvləri ilə Qəzza zolağına getməyə qərar verdiyini xatırladıb. “Bizim həyatımız Qəzza zolağında heç bir uşağın həyatından daha dəyərli deyil” deyib.
"İşğalçılar məğlubiyyətə məhkumdurlar. Fələstin azad olacaq. Prezident Ərdoğana və Türk xalqına Fələstini dəstəklədiklərinə görə bir daha təşəkkür edirəm", - deyə Mahmud Abbas çıxışını yekunlaşdırarkən vurğulayıb.
Fələstin liderinin sürəkli alqışlarla qarşılanan 46 dəqiqəlik çıxışını təqdim edirik:
Senzor.az