Bakı Türk Anadolu Liseyində Azərbaycan dilinin tədrisinin dayandırılması ilə bağlı iddialar yayılıb.
Bu barədə “Qafqazinfo”ya övladı həmin tədris müəssisəsində oxuyan valideynlər bildiriblər.
Valideynlərin sözlərinə görə, artıq bununla bağlı liseydə çalışan Azərbaycan dili müəllimləri işdən çıxarılıb. Onlara növbəti tədris ilindən liseydə çalışmayacaqları bildirilib.
Saytın əməkdaşı Gülnar Əliyeva məsələ ilə əlaqədar Bakı Türk Anadolu Liseyinin direktoru Abdullah Yılmazla əlaqə saxlayıb. Liseyin rəhbəri açıqlamasında Azərbaycan və Türkiyə arasında əldə olunan müqaviləyə uyğun olaraq Azərbaycan dilinin tədrisinin yalnız 9-11-ci siniflərdə saxlanıldığını söyləyib: “Liseyimiz 1992-ci ildən fəaliyyət göstərir. Həmin vaxtdan iki ölkə arasında imzalanan müqaviləyə əsasən, tədris planında Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan tarixi və Azərbaycan coğrafiyası fənlərinin azərbaycanlı müəllimlər tərəfindən yalnız lise bölümündə (9-11-ci sinifləri əhatə edir) tədrisi nəzərdə tutulub. Hazırda həmin bölümdə bu dərslər heç bir problem olmadan davam edir. Bir müddət qeyri-qanuni olaraq ilk okul və orta okul bölümümüzdə (9-cu sinfə qədər) əsasnamədə nəzərdə tutulmayan halda sözügedən fənlər keçilirdi.
Biz bu il həmin fənləri tədris edən müəllimlərimizə təşəkkür etdik, onların müqaviləsi bitmişdi və həmin müqaviləni uzatmadıq. Rəsmiyyətdə var olan Azərbaycan dili, ədəbiyyatı, tarixi və coğrafiyası fənləri tədrisi davam etdirilir. Biz iki dövlət arasında imzalanan müqavilədə nə nəzərdə tutulubsa, onu əsas tuturuq”.
Qeyd edək ki, bundan əvvəl də liseydə oxuyan azərbaycanlı şagirdlərin təhsil müəssisəsindən kütləvi şəkildə çıxarılacağı, qəbul imtahanında azərbaycanlı və türkiyəli şagirdlər arasında keçid balında fərq qoyulması ilə bağlı iddialar yayılmışdı. Məktəb rəhbərliyi isə yayılan iddianın əsassız olduğunu açıqlamışdı.