“Heydər Əliyev adına Dünya Boks Kəməri”nə ögey münasibət - İDMAN NAZİRLİYİ ONA NİYƏ DİQQƏT VƏ QAYĞI GÖSTƏRMİR?
ƏMİR PƏHLƏVANIN YAZISI

Zərdüştlüyün vətəni sayılan Azərbaycan ən qədim dövrlərdən bəri dünyaya öz sözünü həm də milli oyun rəqsləri ilə demişdir. “Avesta”ya görə cəngavərlik, igidlik, pəhləvanlıq, at çapma, güləş, ox atma və qılınc oynatma yarışlarının tarixi çox qədim dövrlərə gedib çıxır. 

 

Eramızdan əvvəl IV-II minillikləri əhatə edən tunc dövrü Azərbaycan idmanının başlanğıc mərhələsi sayılır.

 

İdman oyunları müqəddəs sayılan “Avesta”da pəhləvanların düşmən üzərində qələbə çalmaq dözümlülüyü, iradəliliyi və qorxmazlığı xüsusi yer tutur. 

 

Zəngin və şərəfli idman tarixi yaşayan xalqımız bu gün də sağlam həyat, gümrah bədən, fiziki kamillik prinsiplərini və milli dəyərləri qürurla qoruyub saxlaya bilmişdir.

 

Bu gün dünya olimpiadalarında ən yüksək yerlərin qalibi olan idmançılarımızın Azərbaycanın milli rəmzləri olan üçrəngli Bayrağımızı başları üzərinə qaldırması və Dövlət himnimizi mötəbər arenalarda səsləndirməsi kimi müqəddəs bir işə öz imzalarını atırlar. Əsası Ulu öndər Heydər Əliyevdən başlanan və ölkə Prezidenti İlham Əliyevin Azərbaycan idmanına göstərdiy yüksək qayğı bu gün xalqımızın güvənc yeri və qürur mənbəyidir.

 

Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq futbol turnirləri‎, Dünya Taekvondo Çempionatı‎, müxtəlif idman növləri üzrə keçirilən beynəlxalq tədbirlər‎, şahmat üzrə beynəlxalq yarışlar‎, 2002 Güləş üzrə Avropa Çempionatı, 2015 Avropa Oyunları, 2017 İslam Həmrəyliyi Oyunları, 2017 Voleybol üzrə qadınlararası Avropa Çempionatı...  dediklərimizə parlaq sübutdur. 

Bu cür uğurlar hər bir Azərbaycanlının qəlbində fərəh hissi oyatmaya bilməz. Axı, İdman təkcə sağlamlıq yox, həm də sağlam düşüncə, sağlam ruh, saf niyyət deməkdir. Bunu ölkəmizdə keçirilən beynəlxalq idman yarışlarında iştirak edən əcnəbi idmançıların və qonaqların gözlərindən və davranışlarından da oxumaq mümkündür. Onlar ölkəmiz haqqında özləri ilə mehribanlıq, səmimiyyət, dostluq, qonaqpərvərlik, mərdlik kimi millətimizə xas olan keyfiyyətləri və   keçirdikləri xoş anların xatirələrini də aparırlar. 

 

Bəs, həmişə dövlət rəhbərinin himayəsində olan idmanımıza başçılıq edən bəzi məmurlar, səlahiyyət sahibləri necə, görəsən, müqəddəs sayılan peşə borclarını vicdanla yerinə yetirə bilirlərmi?! Məsul olduqları sahənin cavabdehliyini dərk edirlərmi?! Dövlətə, Prezidentə, milli atributlarımıza sadiq qalırlarmı?!

 

Təəssüflər olsun ki, bu sahədə də müəyyən boşluqlar və öz həllini tapmayan nöqsanlar hələ də mövcuddur.

 

Dünyanın, eləcə də Avropanın bir çox  ölkələrində Azərbaycan Evlərinin nəzdində idman və “Ana dili” məktəblərinin, Koordinasiya Şuralarının açılması xaricdə yaşayan həmvətənlərimizin öz milli dəyərlərini qoruyub saxlaması və onların təbliğ olunması istiqamətində aparılan məqsədyönlü işlərin ən qısa sübutudur.

 

1997-ci ildə Ukraynaya rəsmi səfər edən Prezident Heydər Əliyev orada yaşayan azərbaycanlılarla görüşdə demişdi: “Harada yaşamasından asılı olmayaraq, heç bir azərbaycanlı öz Vətənini, ulu babalarını, dilini unutmamalıdır. Harada yaşayırsansa yaşa, yaxşı da, pis də yaşasan, gərək ürəyin öz Vətəninlə, torpağınla döyünsün. Gərək nəbzin Vətənin nəbzi ilə vursun. Bu vətənpərvərlik hissi bizim hər birimizdə olmalıdır. O cümlədən, respublikamızdan kənarda, Ukraynada yaşayan azərbaycanlılarda da olmalıdır”.

 

Ölkədaxili İdman yarışlarına ev sahibliyi eləmək nə qədər çətin və məsuliyyətlidirsə, xaricdə yaşayan həmvətənlərimizin bu sahədə apardıqları korporotiv işlər ondan ikiqat artıqdır.Yaşadıqları ölkənin konstitutsiya qanunları çərçivəsində fərdi və ictimai fəaliyyət vərdişlərinə yiyələnmək, məşğul olduqları sahənin məsuliyyətini dərk etmək, maddi-mənəvi dəyərlərimizi saxlamaq şərti ilə qeyri millətlərlə qaynayib-qarışmaq, qarşılıqlı hörmət və ən əsası ümumAvropa dəyərləri kontekstində ortaq və beynəlmiləl mədəniyyətə yiyələnmək kimi funksional həyat tərzi ilə barışıb öz mili-mənəvi dəyərləri çərçivəsində hərəkət etmək, duruş gətirmək, əlbəttə ki, asan iş deyil. Bu baxımdam soydaşlarımızın vətənçilik və Azərbaycançılıq kimi müqəddəs hisslərini qoruyub saxlamaq və dövlətçilik istiqamətində vahid ideya ətrafında birləşib nailiyyətlər qazanməq hər birimizdən böyük məsuliyyət tələb edir. 

2023-cü ildə Almaniyanın Maqdeburq şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Bazar İqtsadiyyati İnstitunun rəhbəri Rolf Kunş və Maqdeburq şəhərinin deputatı Bernd Heyneman və başqa tanınmış şəxslərin iştirakı ilə Azərbaycan Evinin möhtəşəm açilişı yuxarıda dediklərimizin əyani sübutu kimi dəyərləndirilməlidir. Bu cür mötəbər insanların xeyir-duası ilə açılıb fəaliyyətə başlayan Azərbaycan Evinin və onun nəzdində “Ana dili” məktəbinin Heydər Əliyev adına və Diaspora Boks Liqasının fəaliyyətinin genişlənməsi ümumu məqsədlərimiz naminə daha böyük imkanlar yaradır. 

2007-ci ildə təsis etdilən LBN Boks adlı klub Azərbaycanın tanıdılmasında böyük rol oynadı. Almaniya idman ictimaiyyətinin böyük marağına səbəb olan bu klub öz nüfuzunu artıraraq 2012-ci ilin may ayında Heydər Əliyev adına olan böyük bir Dünya Boks Təşkilatına çevrilmiş oldu. 

Təşkilat yarandığı gündən təkcə   Almaniyada deyil, dünyanın bütün ölkələrində fəaliyyət göstərməyə başladı. Təskilat tərəfindən təsis edilən “Heydər Əliyev adına Dünya Boks Kəməri” Ali mükafatı uğrunda peşəkar rinqdə Azərbaycan atletləri ilə yanaşı, müxtəlif ölkələrin idmançıları da mübarizə aparırlar. 

Təşkilatın əsas məqsədi Azərbaycan boksçları ilə yanaşı əcnəbi boksçları da bu təşkilata cəlb etməklə beynəlxalq arenalarda üçrəngli bayrağımızı dalğalandırmaq, himnimizi səsləndirmək, Ulu Öndərin idmana olan tövsiyələrinə sadiq qalmaq və adı ilə bağlı təsis olunan Ali mükafatı əbədiləşdirmək missiyasını həyata keçirməkdən ibarətdir. Çünki bu böyük layihənin və böyük uğurun ölkəmiz üçün hansı şan-şöhrət və xeyir gətirəcəyini elə indidən də təsəvvür eləmək çətin deyil.

 

Boks dili ilə desək, bu Kəmərin rəqibi nokauta salana təqdim olunmasının çox böyük siyasi mənası var. Şahmat oyununa bərabər sayılan bu uzaqgörənlik və uzun gedişli dünyəvi mükafat Azərbaycana və onun idmanına həmişə başucalığı gətirəcəkdir. Rinqdə çoxlu xallar qazanan atletin  bu mükafata layiq görülməsi təkcə fiziki deyil, həmçinin mənəvi və coğrafi anlamda qalib olmasını da lazımınca şərtləndirəcək. Necə deyərlər, onun siyasi dünyagörüşünə və mənəvi zənginliyinə də müsbət təsir göstərəcək, eyni zamanda, bütöv bir məmləkətin - Azərbaycanın mənəvi  gücünə söykənəcəyini öz üzərində daima hiss edəcək. Ümid edirik ki, Gənclər və İdman Nazirliyi bu möhtəşəm Ali mükafatın dünyanın idman arenasında əbədiləşdirilməsində öz diqqət və qayğısını əsirgəməyəcəkdir.

 

Əlbəttə, bu taleyüklü və böyükmiqyaslı möhtəşəm layihənin başa çatdırılmasının çətinliyi və ağırlığı dərk ediləndir. Bu böyük zəhmət, gərgin fəaliyyət və iradəli işçi qrupunun zəhmətləri hesabına reallaşa bilər. Əsas məsələ odur ki, bu  böyük iş çoxdan başlayıb və bir çox uğurlara imza atmaqda davam etməkdədir. Yalnız və yalnız irəli getmək lazımdır.  

 

Almaniyada lobbiçilik fəaliyyətini artırmaq, eləcə də digər Avropa ölkələrində yaşayan gənclərimizin sistemli həyat və peşə fəaliyyətlərini müəyyənləşdirməkdə, Azərbaycan Evinin və onun nəzdində Koordinasiya Şuralarının, idman və “Ana dili” məktəblərinin fəaliyyətlərini gücləndirməkdə Diasporla İş üzrə Dövlət Komitəsinin  göstərdiyi qayğını görəsən, digər cavabdeh dövlət qurumları niyə göstərmirlər?! 

Heydər Əliyev adına Dünya Boks Komitəsinin rəhbəri, Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin üzvü Yaşar Niftəliyev Gənclər və İdman Nazirliyinə etdiyi müraciətləri nə üçün cavabsız qalmalıdır?!

 

Diasporla İş üzrə Dövlət Komitəsi hər ilin may ayında - Ulu Öndərin doğum günündə bu kəmərlərin geniş miqyasda təbliğatına geniş yer ayırır. Gənclər və İdman Nazırlıyinin dəstəyi də hiss edilsə və birlikdə hərəkət istiqamətləri müəyyənləşsə, təbii ki, ali məqsədlərə doğru böyük addımlar atılmış olardı. Komitə 12 illik gərgin iş fəaliyyətinin göstəricisi kimi 2023-cü ilin sentyabr ayında dünyanın “BoxRec” sıralarına daxil olmağına baxmayaraq Gənclər və İdman Nazirliyindən quruca təbrik məktubu da almayıb.

 

Boks iki adamın müəyyən qaydalar çərçivəsində, hücum və müdafiə məqsədilə yumruqlarından istifadə edərək döyüşdüyü bir idmandır.

Boks demək olar ki, cəmiyyətin yarandığı ilk dövrlərdən dünya xalqları arasında yayılmağa başlayıb. Beş min il bundan əvvəl Misir və Babilistanda mövcüd olan yumruq döyüşü bu idman növünün əsasını qoyub. Boks eramızdan əvvəl 688-ci ildə  antik Olimpiya oyunlarının proqramına daxil edilmişdi.

 

Bunları xatırlatmaqla heç də yazı ilə boks “manej”ində yox, yazı “maneyi”ndə söz zərbələrinin gücünü nümayiş etdirmək fikrində deyiləm. Məqsəd hədəfə atılan söz “zərbə”lərindən Boks idmanımızın gələcəyi namınə real nəticələr və uğurlar əldə etməkdir. İnanıram ki, kim olur-olsun - hər bir vətəndaş, məmur və o cümlədən, hər bir idmançı Vətənimiz, Dövlətimiz və İdmanımız namınə daha böyük qələbələrə imza atmalıdır.  

                                       






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.