Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın dövlət başçısı İlham Əliyevə zəng edib.
Senzor.az bildirir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Dövlət başçıları Prezident Vladimir Putinin Azərbaycana dövlət səfərinin nəticələrindən məmnunluqlarını ifadə ediblər.
Prezidentlər səfər çərçivəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsi istiqamətində aparılan fəaliyyətin Azərbaycan ilə Rusiya arasında tərəfdaşlıq və strateji müttəfiqlik münasibətlərinin daha da güclənməsinə xidmət edəcəyinə əminliklərini bildiriblər.
Telefon söhbəti əsnasında Cənubi Qafqaz regionunda vəziyyət müzakirə olunub. Vladimir Putin Rusiyanın Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasına dəstək verməyə hazır olduğunu deyib.
Telefon danışığı zamanı Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat dəhlizinin açılması ilə bağlı fikir mübadiləsi aparılıb.
**13:52
Rusiya və Azərbaycan liderləri Vladimir Putinlə İlham Əliyev arasında telefon danışığı olub.
Senzor.az bildirir ki, bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb.
Onlar Rusiya liderinin bu yaxınlarda Bakıya etdiyi dövlət səfərinin nəticələrindən məmnun qaldıqlarını bildiriblər.
Prezidentlər qeyd ediblər ki, danışıqlar zamanı əldə edilmiş razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsi Rusiya-Azərbaycan müttəfiqlik və tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsinə kömək edəcək. Bundan başqa, Putin və Əliyev birbaşa təmasların davam etdirilməsinə razılıq veriblər.
Məlumatda deyilir ki, Rusiya bundan sonra da sülh müqaviləsinin bağlanmasında Azərbaycan və Ermənistana kömək etməyə hazırdır.
“Rusiya tərəfindən Bakı və İrəvana müvafiq qarşılıqlı məqbul həllərin işlənib hazırlanmasında mümkün olan hər cür kömək göstərməyə hazır olduğu təsdiqlənib”, - məlumatda qeyd olunub.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin avqustun 18-19-da Azərbaycanda səfərdə olub. Bu, Rusiya liderinin son 6 ildə ölkəyə ilk səfəri idi. Bundan sonra Putinin Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı olub və onlar Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqların nəticələrini müzakirə ediblər.