Azərbaycan Prezidenti İlham Əliyev BRİKS-in Kazanda keçiriləcək oktyabr sammitinə dəvət olunub.
Senzor.az bildirir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
"Rusiya Federasiyası Azərbaycanın BRİKS-ə üzvlük müraciətini dəstəkləyir",- deyə o bildirib.
Qeyd edək ki, BRICS (BRİKS) 2006-cı ildə yaradılıb. Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini özündə birləşdirən hökumətlərarası təşkilatdır. Əvvəlcə investisiya imkanlarını müəyyən edən qruplaşma hökumətləri 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri koordinasiya edən vahid geosiyasi bloka çevrilib.
Onu da xatırladaq ki, bu il iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Bəyannamənin 4.5-ci bəndinə əsasən, Azərbaycan tərəfi BRICS-ə daxil olmaq arzusunu ifadə edib və Çin tərəfi BRICS əməkdaşlığında Azərbaycanın iştirakını dəstəkləyib.
Bundan sonra Azərbaycan BRICS-ə daxil olmaq üçün rəsmi müraciət edib.