Azərbaycanın paraatleti Lamiyə Vəliyeva Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında yeni dünya rekordu müəyyənləşdirərək qızıl medal qazanıb.
Senzor.az bildirir ki, təmsilçimiz T13 kateqoriyasında 100 metr məsafəyə qaçışda uğurlu nəticəyə imza atıb.
11.76 saniyə nəticə ilə finiş xəttini birinci keçən L.Vəliyevə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
İdmançımız bununla da Rio-2016 Paralimpiadasında 11,79 saniyə nəticə ilə ən yaxşı göstəriciyə malik olan Leilia Adjametovanı (Ukrayna) qabaqlayaraq yeni dünya rekordu müəyyənləşdirib.
Qeyd edək ki, L.Vəliyeva Tokio-2020-də 400 metr məsafəyə qaçışda qızıl medal qazanmışdı.
Azərbaycan yığması Paris-2024 Yay Paralimpiya Oyunlarında 3 qızıl, 1 gümüş və 1 bürünc medal əldə edib.
**13:34
Azərbaycan paraatleti Lamiyə Vəliyeva (T13) Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında finala yüksəlib.
Senzor.az bildirir ki, idmançı buna təsnifat mərhələsində 100 metr məsafəni 11,81 saniyəyə qət edərək nail olub.
Öz qrupunda birinci yeri tutan “Tokio-2020” Yay Paralimpiya Oyunlarının qızıl və gümüş mükafatçısı şəxsi göstəricisini də yaxşılaşdırıb.
Final mərhələsi bu gün Bakı vaxtı ilə saat 22:13-də keçiriləcək.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 2 qızıl, 1 gümüş və 1 bürünc medal var.
**09:56
Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında bu gün Azərbaycanın bir idmançısı çıxış edəcək.
Senzor.az bildirir ki, paralimpiya və 4 qat dünya çempionu Lamiyə Vəliyeva T13 kateqoriyası üzrə 100 metr məsafəyə qaçışda gücünü sınayacaq.
Bu kateqoriya üzrə təsnifat mərhələsi saat 13.04-də, final mərhələsi isə 21:00-da başlayacaq.
Qeyd edək ki, hazırda Azərbaycanın hesabında 2 qızıl, 1 gümüş və 1 bürünc medal var. İmaməddin Xəlilov (parataekvondo, 70 kq) və Səid Nəcəfzadə (T12, uzunluğa tullanma) qızıl, Raman Saley (100 metr məsafəyə arxasıüstə üzmək) gümüş, Sabir Zeynalov (parataekvondo, 58 kq) isə bürünc medala sahib çıxıblar.