Ötən gün İsmayıllı rayonunda keçirilən əməliyyat zamanı saxlanılan şəxsin polkovnik-leytenant olduğu məlum olub.
Modern.az-ın məlumatına görə, Əlişir Süleymanov 1992-2016-cı illərdə Azərbaycan Ordusunda müxtəlif hərbi vəzifələrdə, o cümlədən ön cəbhədə xidmət edib. Ə.Süleymanov 2016-cı ildə polkovnik-leytenant rütbəsi ilə ehtiyata buraxılıb.
22 iyun 2006-cı il tarixində "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli, 26 iyun 2008-ci il tarixində "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli, 5 iyul 2019-cu il tarixində isə "FƏDAİ" medallarına layiq görülüb. O, II qrup Qarabağ Müharibəsi əlilidir. 2021-ci ildə İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə icra hakimiyyəti başçısının nümayəndəsi vəzifəsinə təyin edilib. Ailəlidir, 3 övladı var.
**16:53 (04.09.2024)
İsmayıllı rayonunda vəzifəli şəxslərə qarşı əməliyyat keçirilib.
Modern.az xəbər verir ki, əməliyyat nəticəsində saxlanılanların olduğu bildirilir.
“Qafqazinfo” əməliyyatın bəzi detallarını öyrənə bilib. Məlumata görə, Baş Prokuror yanında Korrupsiya İdarəsinə rayonun bir sıra vəzifəli şəxslərinin qanun pozuntularına yol verməsi barədə məlumat daxil olub. Keçirilən əməliyyat nəticəsində Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlişir Süleymanov və kəndlərdən birinin bələdiyyə sədri saxlanılıb.
Hazırda onlarin ifadələri alınır. Hələ ki, ittiham verilməyib.
REAL xatırladır ki, İsmayıllı şəhərinin bundan əvvəlki icra nümayəndəsi Məhərrəm Əhmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilmişdi.