ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp demokrat rəqibi, vitse-prezident Kamala Harrislə debatların yeni mərhələsini keçirməkdən imtina etdiyini bildirib.
Bu barədə D.Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.
O, rəqibini məğlub olduqdan sonra revanş arzulayan döyüşçüyə bənzədib: “Boksçu uduzanda ağzından çıxan ilk sözlər bunlar olur: “Yenidən döyüşmək istəyirəm”. Rəy sorğuları açıq şəkildə göstərir ki, mən namizəd Kamala Harrisə qarşı debatda qalib gəldim və o, dərhal ikinci debat tələb etdi. O və işəyaramaz Co (ABŞ-ın hazırkı Prezidenti Co Bayden-red.) ölkəmizi məhv etdi. Milyonlarla cinayətkar və əqli cəhətdən pozğun insanlar buraya axışdı. İnflyasiya cəmiyyətin orta təbəqəsini iflasa uğratdı. Onların törətdiyi bütün digər problemlər debat zamanı ətraflı müzakirə edildi. Amma “Fox Debat”da danışılanlar nümayiş etdirilmədi. Kamala son dörd ildə nə etməli olduğuna diqqət yetirməlidir. Növbəti debat olmayacaq!”.
Qeyd edək ki, ABŞ prezidentliyinə namizədlərin teledebatı sentyabrın 10-da Filadelfiyada keçirilib.