Ermənistan Hindistanın “Hindustan Aeronautics Limited” təyyarə istehsalı korporasiyası ilə arsenalında olan “Su-30” qırıcılarının modernləşdirilməsi ilə bağlı danışıqlar aparır.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan Silahlı Qüvvələri Aviasiya İdarəsinin rəisi Ovannes Vardanyan məlumat verib.
O bildirib ki, Hindistanın Müdafiə Qərargah rəisi general Anil Çauxan ilə mümkün əməkdaşlıq sahələrini artıq müzakirə edib.
“Hindustan Times” qəzetinin adını açıqlamadığı Hindistan rəsmisi Ermənistanın “Su-30”un korporasiya tərəfindən modernləşdirilməsində maraqlı olduğunu təsdiqləyib: “Bu məsələ ilə bağlı aparılan danışıqlar ilkin mərhələdədir. Ermənistanın arsenalında olan “Su-30” variantı Hindistan Hərbi Hava Qüvvələrindəki “Su-30MKI”dən fərqlidir”.
Qeyd edək ki, “Hindustan Aeronautics Limited” Rusiya lisenziyası əsasında Hindistanda Su-30MKI çoxməqsədli qırıcı təyyarələr istehsal edir.