Ukraynada ödənişsiz əsasda Azərbaycan dili kursu açılıb. Burada ölkənin müxtəlif bölgələrindən olan insanlar dilimizi öyrənirlər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, məşğələlər “zoom” onlayn platformasında keçirilir.
Azərbaycan dili kursu vəkil Şəmsi Məhərrəmovun dəstəyi ilə Ukrayna-Türk Mərkəzinin himayəsi altında təşkil olunub.
Kursun müəllimi Kiyev Milli Linqvistik Universitetində Heydər Əliyev adına Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri və bu ali təhsil ocağında Azərbaycan dili fənnini tədris edən İntiqam Şıxızadədir.
Azərbaycan dili kursunun təşəbbüskarı olan Ukrayna-Türk Mərkəzinin həmtəsisçisi Marına Qonçaruk qeyd edib ki, hazırda burada 50-dən çox ukraynalı iştirak edir, onların əksəriyyəti gənclər, bəziləri isə əslən Azərbaycandan olan sakinlərdir. Bununla yanaşı, müdavimlər arasında Azərbaycan dilini öyrənmək istəyən bir neçə universitet müəllimi də var.
Kursda iştirak edən tələbələr dilimizi öyrənməklə yanaşı, həm də Azərbaycanın zəngin mədəniyyəti, tarixi, coğrafiyası, xalqımızın mentaliteti və adət-ənənələri ilə tanış olurlar.
Layihə həm iştirakçılar, həm də müəllimlər tərəfindən müsbət rəy alıb. Onlar Ukrayna ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafı üçün belə təşəbbüslərin əhəmiyyətini vurğulayıblar.