“Getdikcə həyasızlaşan və aqressivləşən İsrailin qarşısı alınmasa, bu genişlənmənin nəyə gətirib çıxaracağını əvvəlcədən görə bilərik”.
Senzor.az bildirir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bunu “Fələstinin Gələcəyi” konfransında deyib.
“Biz hamımız BMT Təhlükəsizlik Şurası və beynəlxalq təşkilatların İsrailin həyasızlığı qarşısında tamamilə aciz qalmasını utanc hissi ilə izlədik”- deyən dövlət başçısı xatırladıb ki, Fələstin xalqı on illərdir ki, bu zülmü yaşayır: “İsrailin işğal, dağıtma və cəzalandırma siyasəti 76 ildir ki, fasiləsiz davam edir”.
Türkiyə lideri Qəzzada qətlə yetirilən günahsız uşaqların haqlarından söhbət gedəndə insan haqları təşkilatlarının və dünya mediasının necə “üç meymun” oynadığının şahidi olduqlarını vurğulayıb.
Prezident onu da qeyd edib ki, Türkiyəyə yaxınlaşan təhlükəni anlaya bilməyənlər olsa da, bu riski görür və bütün tədbirləri görür.
“Bölgəmizin qan dənizinə çevrilməsinə və Qəzzada dinc əhalinin diri-diri yandırılmasına BMT Təhlükəsizlik Şurası nə vaxta kimi baxacaq? Öz işçilərinin hüquqlarını qorumayan BMT başqalarının hüquqlarını necə qoruyacaq?”, - deyə Ərdoğan beynəlxalq təşkilatı da qınayıb.
Qəzzada və Livanda təkcə uşaqlar, qadınlar, qocalar, dinc sakinlər yox, insanlığın min illərin ortaq yığımı olan vicdanı da ölür – deyən Türkiyə lideri ölkəsinin bütün bunlardan əziyyət çəkənlərə dəstəyindən də bəhs edib. Vurğulayıb ki, Türkiyə Qəzzadakı qətliamlara ən sərt reaksiya göstərən, eyni zamanda İsrailə qarşı konkret tədbirlər görən yeganə dövlətdir.
Onun sözlərinə görə, Türkiyənin Qəzza sakinlərinə göndərdiyi humanitar yardımın həcmi 84 min tonu keçib. O, həmçinin əlavə edib ki, Türkiyə Qəzzaya ən çox yardım edən ölkədir: “Türkiyə bütün çətinliklərə baxmayaraq, öz doğma torpaqlarını qəhrəmancasına müdafiə edən Fələstin xalqının yanındadır və bundan sonra da olacaq. Türkiyə fələstinlilərin və livanlıların yanındadır. Ümid edirik ki, qələbə Qəzza və Livandakı möminlərin olacaq”.
Prezident ona da ümidvar olduğunu bildirib ki, bu proses 1967-ci il sərhədləri əsasında azad Fələstin dövlətinin yaradılması ilə başa çatacaq: “1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olan müstəqil və suveren Fələstin dövləti yaradılana qədər yorulmadan mübarizəmizi davam etdirəcəyik”.
Daha ətraflı videomaterialda:
Senzor.az