Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna Ali Radasına Qələbə planını təqdim edib. Planda müharibədə qalib gəlməyə kömək edəcək hərbi, iqtisadi və siyasi xarakterli məqamlar yer alıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Zelenski Qələbə planının 5 bənd və üç gizli əlavədən ibarət olduğunu deyib.
“Bəndlərdən ilk dördü müharibə dövrünə, sonuncusu isə təhlükəsizliklə bağlı ikinci işğalın qarşısını almaq üçün müharibənin bitməsindən sonrakı vaxta aiddir.
1-ci bənd – Geosiyasət: burada Ukraynaya NATO-ya dəvət göndərilməsi təklif olunur. Kiyevin NATO-ya dəvət edilməsi faktı həqiqətən fundamental sülhə çevrilə bilər. Çünki NATO-ya üzvlük indinin yox, gələcəyin məsələsidir.
2-ci bənd - Müdafiə: İkinci bənddə döyüşçülərimizin bu cür gücünü dəstəkləyə bilən silahların dəqiq siyahısı var. Kursk əməliyyatı sayəsində gördük ki, ordumuz təzyiq etdiyi halda Vladimir Putinin dayanmaq üçün kifayət qədər gücü yoxdur.
3-cü bənd – Qarşısını alma: Üçüncü bənddə ABŞ-a və bəzi Avropa dövlətlərinin rəhbərlərinə verilmiş gizli əlavə var. Kiyev ərazisində Ukraynanı Rusiyadan gələn istənilən hərbi təhlükədən qorumaq üçün kifayət edəcək hərtərəfli qeyri-nüvə strateji çəkindirici paketi yerləşdirməyi təklif edir.
4-cü bənd – İqtisadiyyat: Burda yalnız müəyyən tərəfdaşlara ötürülən gizli təklif var. Ukrayna təbii ehtiyatlara, o cümlədən trilyonlarla dollar dəyərində kritik metallara ev sahibliyi edir. Bunlar, xüsusilə, uran, titan, litium, qrafit - ya Rusiya və müttəfiqlərini, ya da Ukrayna və demokratik dünyanı qlobal rəqabətdə gücləndirəcək strateji qiymətli resurslardır. Bu, Rusiyaya qarşı mövcud iqtisadi təzyiq sistemini, yəni Rusiyaya qarşı bütün mövcud sanksiyaları, neftin qiymətinə məhdudiyyətləri, ölkəyə ixraca məhdudiyyətləri və digər təzyiq tədbirlərini tamamlayacaq və gücləndirəcək.
5-ci bənd – Təhlükəsizlik: Müharibədən sonrakı dövr üçün nəzərdə tutulan beşinci bənd, tərəfdaşlar razılaşarsa, Avropada yerləşən ABŞ qüvvələrinin müəyyən kontingentini Ukrayna silahlı qüvvələrinin əsgərləri ilə əvəz etməyi təklif edir. Bu Ukrayna təcrübəsindən bütün Alyansın müdafiəsini gücləndirmək və Avropanın təhlükəsizliyini təmin etmək üçün istifadə edilməlidir”, - deyə Ukrayna Prezidenti vurğulayıb.
V.Zelenski, həmçinin bildirib ki, ölkəsi hazırda Rusiya ilə yanaşı İran və Şimali Koreyaya qarşı da vuruşur.