Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşları “Rossotrudniçestvo”nun Bakıdakı “Rus Evi”nin binasını nəzarətə götürüblər və bununla bağlı müşahidə kameraları quraşdırılıb. Binaya əməliyyat nəzarəti həyata keçirilir.
Bu barədə “Minval” məlumat yayıb.
Bildirilir ki, “Rus Evi”nin Azərbaycanda hələ də lazımi qeydiyyatı yoxdur. Halbuki Azərbaycanda rəsmi qeydiyyatı olmayan təşkilat ölkə ərazisində fəaliyyət göstərə bilməz. Diplomatların ekstraterritoriallıqla bağlı sevimli arqumentinin bununla heç bir əlaqəsi yoxdur - “Rus evi” Rusiya diplomatik missiyasının ərazisində yerləşmir. Təkcə bu fakt onu bağlamaq üçün ciddi səbəbdir.
Daha bir maraqlı məqam. Ötən gün “Rus Evi” fevral ayı üçün tədbirlər planını dərc edib. Amma planda, Xocalı soyqırımının ildönümünə “yer tapılmayıb”.
Ümumiyyətlə, rəsmi olaraq “humanitar layihələr” və “yumşaq güc”lə məşğul olsa da, əslində “Rus Evi”nin fəaliyyəti ilə bağlı da ciddi suallar yaranır.
Yeri gəlmişkən, nəşr xatırladır ki, “Rossotrudniçestvo”ya 1990-cı il yanvarın 20-də Bakıda cəza əməliyyatının və dinc əhalinin kütləvi qırğınının təşkilatçılarından biri olmuş Yevgeni Primakovun nəvəsi kiçik Yevgeni Primakov rəhbərlik edir. Hazırda “Rossotrudniçestvo” çətiri altında hansı anti-Azərbaycan təxribatlarının həyata keçirildiyi barədə dəfələrlə məlumat verilib. Odur ki USAİD-lə olduğu kimi, “Rus Evi”nin və “Rossotrudniçestvo”nun Azərbaycandakı fəaliyyəti də dayandırılmalıdır: “Biz Rusiya ilə mehriban qonşuluq münasibətlərinin tərəfdarıyıq, lakin bu, təxribatçılar üçün ən əlverişli rejimin təmin edilməsi demək deyil”.