
İsrail Müdafiə Ordusunun Suriyanın İdlib əyalətindəki "Əbu əd-Duhur" hava bazasına endirdiyi zərbə vəziyyətin İsrail və Türkiyə arasında birbaşa hərbi toqquşmaya çevrilməsi riskini özündə daşıyıb.
"The Jerusalem Post" xəbər verir ki, bu barədə ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi və Türkiyədəki səfiri Tom Barrak bəyanat verib.
"Türkiyə qüvvələri İsrail təyyarələrinin bu konkret Suriya bazasına doğru istiqamətləndiyini bilmirdilər və onların əməliyyatının məqsədindən xəbərdar deyildilər. Buna görə də onlar özlərinin hücuma məruz qaldığını düşünərək öz təyyarələrini havaya qaldıra bilərdilər", - Barrak bildirib.
Barrak baş verəni narahatlıq doğuran ciddi insident adlandırıb. Lakin onun sözlərinə görə, ABŞ itki və eskalasiya olmamasından rahatlıq hiss edir.
Qəzet qeyd edir ki, danışıqlar zamanı əsas fikir ayrılıqlarından biri İsrailin bəzi Suriya bazalarında, o cümlədən İsrail sərhədinə yaxın yerləşən bazalarda türk hərbi qulluqçularının və ya hərbi texnikanın yerləşdirilməsi ehtimalından duyduğu narahatlıq olub.
Barrak aydın əlaqə kanallarının olmamasının vəziyyətin "daha da pis olmasına" gətirib çıxara biləcəyini bildirərək bu vəziyyətin dəyişdirilməsinin zəruriliyini vurğulayıb.
"Hazırda biz İsrail və Suriya arasında münaqişənin qarşısının alınması mexanizminin bərpası barədə bütün tərəflərlə qapalı danışıqlar aparırıq", - o, danışıqlara birbaşa və ya dolayı iştirakçı qismində Türkiyənin də cəlb oluna biləcəyini qeyd edib.
Xüsusi nümayəndənin sözlərinə görə, belə mexanizm daimi əsasda və sutkalarla işləməlidir, etibarlı əlaqə kanallarının olmaması isə özlüyündə lazımsız risklər yaradır.