
ABŞ Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) Sərhəd Qoşunlarına ümumi dəyəri təxminən 1,4 milyon dollar olan nəqliyyat vasitələri və xüsusi avadanlıqlar hədiyyə edib.
Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.
Təqdimetmə mərasimində ABŞ dövlət katibinin təhlükəsizliyə yardım proqramları üzrə müavini Şona Uilson, ABŞ-ın müvəqqəti işlər vəkili Devid Allen və Ermənistan Qoşunlarının qərargah rəisi polkovnik Roman Saakyan iştirak ediblər.
Hədiyyə ABŞ Dövlət Departamentinin İxrac Nəzarəti və Sərhəd Təhlükəsizliyi (EXBS) proqramı çərçivəsində təqdim olunub. Yardıma nəqliyyat vasitələri, təcili tibbi yardım avtomobilləri, qoruyucu avadanlıqlar, texniki xidmət alətləri, eləcə də “Ayrum” sərhəd-keçid məntəqəsi üçün müasir İT avadanlıqları daxildir. Bildirilib ki, bu avadanlıqlar keçid məntəqəsinin buraxılış qabiliyyətini artırmağa, sərhəd idarəçiliyi imkanlarını gücləndirməyə və Ermənistan sərhəd qoşunlarının modernləşdirilməsi prosesinə töhfə verməyə imkan verəcək.
Qeyd edilib ki, Birləşmiş Ştatlar Ermənistanda müasir avadanlıqlarla təchiz olunmuş, peşəkar sərhəd qoşunlarının formalaşdırılmasına dəstək vermək, Ermənistan üçün daha təhlükəsiz və firavan gələcəyin qurulmasına yardım göstərmək öhdəliyinə sadiq qalır.(“Teleqraf”)




