“Azərbaycan və Ermənistan yekun razılaşmaya yaxındır” - LAVROV
YENİLƏNİB

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi və bu gün müzakirə edilən bir sıra maddələrə dair hər iki tərəfin düşüncələrini ortaq baxışa yaxınlaşdırmaq mümkün olub”.


Senzor.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşündən sonra deyib.


Onun sözlərinə görə, danışıqların ayrıca mövzusu sülh müqaviləsidir: “Tərəflər bunun üzərində işləməyə başlayıblar və hazırda o, digər vasitəçilərin də iştirakı ilə fəal şəkildə müzakirə olunur. Ermənistan və Azərbaycan nazirləri Vaşinqtona səfər ediblər, Ermənistan və Azərbaycan liderləri bir həftə əvvəl Brüsseldə olublar. Sülh müqaviləsi üzərində iş, əlbəttə ki, fundamental məsələdir. Amma bizim tərəfdaşlarımız bu gün təsdiqləyiblər ki, delimitasiya məsələləri həll edilmədən, nəqliyyat və kommunikasiya əlaqələri açılmadan sülh müqaviləsinin konkret aspektləri üzrə irəliləmək çətindir”.


S.Lavrov qeyd edib ki, gələn həftə baş nazir müavinlərinin rəhbərliyi altında üçtərəfli qrupun nəqliyyat kommunikasiyalarının açılması məsələlərinə dair görüşü keçirilməlidir: “Ümid edirik ki, yekunda müsbət nəticə əldə olunacaq. Tərəflər artıq yekun razılaşmaya yaxındırlar”.

**17:47

Moskvada Ermənistan və Azərbaycan xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov arasında görüş başa çatıb.


**17:27

"Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan arasında görüş başlayıb".


Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşündən sonra deyib.


“Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında ikitərəfli görüş başlayıb. Görüşdən sonra tərəflər hansı nəticənin əldə olunduğu ilə bağlı bizə məlumat verəcəklər”, - Lavrov deyib.

**17:13

Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rusiyalı həmkarı Sergey Lavrov və Ermənistan naziri Ararat Mirzoyan ilə üçtərəfli görüşü başa çatıb.


Senzor.az xəbər verir ki, görüş Rusiya Xarici İşlər Nazirliyinin “Qəbul evi”ndə baş tutub.

**15:00

“Ümid edirik ki, bugünkü danışıqlar səmərəli olacaq və Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması prosesi çərçivəsində bütün məsələlər spektrini nəzərdən keçirməyə imkan verəcək”.


Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov və Ararat Mirzoyanla görüşündə deyib.


Onun sözlərinə görə, rəsmi Bakı Ermənistan və Azərbaycan arasında postmünaqişə dövründə normallaşma prosesini ardıcıl olaraq dəstəkləyir.


“Düzgün şəkildə qeyd edildiyi kimi, postmünaqişə dövründə bu normallaşma müxtəlif istiqamətlərdən ibarət bir prosesdir. Biz bütün istiqamətlərdə paralel işin tərəfdarıyıq. İnanırıq ki, onlar bir-birini tamamlayır. Ötən ilin sonundan danışıqlar prosesində müəyyən durğunluq yarandığı müşahidə olunmuşdu. Biz mayın əvvəlindən danışıqlar dinamikasının ardıcıl və müsbət xarakter daşımasını müsbət qiymətləndiririk”, - C.Bayramov vurğulayıb.

**14:40

Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Rusiyanın XİN başçısı Sergey Lavrov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş başlayıb.


Senzor.az xəbər verir ki, nazirlər Azərbaycan və Ermənistan arasında sülh sazişinin layihəsi üzrə danışıqların növbəti raundunu keçirmək üçün Rusiya Xarici İşlər Nazirliyinin “Qəbullar evi”nə gəliblər.


Qeyd edək ki, üçtərəfli görüşdən əvvəl S.Lavrov Azərbaycan və Ermənistan XİN başçıları ilə ayrı-ayrılıqda danışıqlar aparıb. Üçtərəfli görüşdən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ikitərəfli görüşün keçirilməsi də planlaşdırılıb.

**13:38

“Bugünkü görüşün əsas mövzusu Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasıdır”.


Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşündə deyib.


Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış üçtərəfli bəyanatların mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. Onun sözlərinə görə, bütün məsələlərin həllində məhz bu bəyanatlar həlledici rol oynamalıdır: “Bu, sülh müqaviləsinə, kommunikasiyaların açılmasına, eləcə də sərhədlərin delimitasiyası və demarkasiyasına aiddir. Bütün istiqamətlərdə tərəqqi Cənubi Qafqazda sülhə nail olmaq üçün əsas şərtdir”.


Lavrov qeyd edib ki, Rusiyanın Cənubi Qafqaz regionunda ciddi maraqları var və tarixən burada rola malik olub. Onun sözlərinə görə, rəsmi Moskva regionda sülh və sabitliyin tam bərqərar olmasına töhfə verməyə hazırdır.

**13:23

Moskvada Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla rusiyalı həmkarı Sergey Lavrov arasında görüş başlayıb.


“Report" xəbər verir k, tərəflər Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsini müzakirə edirlər.


Bu gün Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Rusiyanın XİN başçısı Sergey Lavrov və ermənistanlı həmkarı Ararat Mirzoyanın iştirakı ilə üçtərəfli görüşün keçirilməsi nəzərdə tutulub.


Qeyd edək ki, S.Lavrov A.Mirzoyandan əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

**13:06

Bu gün Azərbaycan-Ermənistan münasibətlərinin postmünaqişə dövründə tənzimlənməsi üzrə bir sıra məsələlər barədə danışmaq mümkün olacaq.


Senzor.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündə deyib.


"Hazırki görüşün təşkilini və Azərbaycanla Ermənistan arasındakı danışlar prosesində nəzərə çarpan müsbət dinamikanı çox yüksək qiymətləndiririk. Mən may ayındakı yetərincə sıx əlaqələri nəzərdə tuturam. Düşünürəm ki, bu gün Ermənistanla Azərbaycan arasında münasibətlərin postmünaqişə dövründə müxtəlif istiqamətlərdə tənzimlənməsi ilə əlaqədar bir sıra məsələlər barədə də ikitərəfli danışıqlar aparmaq, həmçinin ikitərəfli əlaqələri və Azərbaycanla Rusiya arasında ikitərəfli gündəliyi müzakirə etmək mümkün olacaq", - o deyib.

C.Bayramov qeyd edib ki, Azərbaycanın baş nazir müavini Şahin Mustafayevin rəhbərliyi altında təxminən 80 nəfərdən ibarət böyük nümayəndə heyəti hazırda Kazan şəhərində keçirilən "Rusiya - İslam dünyası: KazanForum" XIV Beynəlxalq İqtisadi forumda iştirak edirlər.


"Hazırda paralel olaraq baş nazir müavinlərinin görüşü keçirilir. Baş nazir müavinimizin bir neçə baş nazir müavini ilə geniş spektrli məsələlər üzrə görüşü nəzərdə tutulub", - o deyib.


Azərbaycanın XİN rəhbəri Rusiya tərəfinə ölkədə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə göstərilən diqqətə görə minnətdarlığını bildirib.


"Bütün dövlət strukturları, ictimai təşkilatlar və vətəndaşların Ümummilli Liderin xatirəsinə həsr olunmuş tədbirlərə göstərdikləri diqqət bizim üçün qətiyyən təəccüblü deyil", - o deyib.

**13:00

Tezliklə Şimal-Cənub dəhlizi üzrə gələcək fəaliyyət razılaşdırılacaq.


Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşündə deyib.


"Azərbaycan Prezidenti İlham Əliyevlər Rusiya Prezidenti Vladimir Putin arasında əldə olunmuş bütün razılaşmaların həyata keçirilməsi ilə bağlı qətiyyətimizi vurğulamaq istəyirəm. Maraqlı layihələr arasında Şimal-Cənub dəhlizi yer alır. Liderlərimiz bunu həm öz aralarında, həm də digər maraqlı tərəflərin iştirakı ilə müzakirə ediblər, bu cür tərəflərin sayı isə az deyil. Bu səbəbdən ən yaxın görüşdə bu və digər istiqamətlərdə gələcək fəaliyyətin razılaşdırılacağına ümid edirik", - o deyib.

**12:45

Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov arasında ikitərəfli görüş başlayıb.


Görüş Rusiya Xarici İşlər Nazirliyinin “Qəbullar evi”ndə keçirilir.


Xatırladaq ki, mayın 18-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Rusiya Federasiyasına işgüzar səfəri başlayıb. Səfər çərçivəsində Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsi üzrə danışıqların növbəti raundu keçiriləcək.

**10:16

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında “sülh sazişi” layihəsi üzrə danışıqların növbəti raundu keçiriləcək.

 

Senzor.az bildirir ki, görüş Rusiyanın xarici işlər naziri Sergey Lavrovun moderatorluğu ilə baş tutacaq.

 

Artıq C.Bayramov və A.Mirzoyan Moskvadadırlar.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.