İrəvan yasında Qərb musiqisi: ALDADILAN PAŞİNYAN ALDATMAĞA ÇALIŞIR
ELÇİN ALIOĞLU YAZIR

ABŞ-ın dövlət katibi Entoni Blinken, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyanın aprelin 5-də Brüsseldəki görüşü ilə bağlı proseslər aktivləşib.

 

"Konfrans" kimi təqdim olunan bu görüşdən sonra Qərbin açıqlamalarına görə, Avropa İttifaqı Ermənistana 4 il ərzində 270 milyon avro verəcək. ABŞ isə ermənilərə 65 milyon dollar məbləğində yardım edəcək.

 

Rəsmi İrəvandan fərqli olaraq, ermənilər Brüsseldəki müzakirələri uğursuz sayırlar. Ermənistan mediasında yer alan şərhlərin leytmotivini erməni siyasətçilərdən birinin ifadəsi ilə səciyyələndirmək olar: "ABŞ və Avropa İttifaqı ermənilərə konfet göstərib, o konfetin kağızını verdilər".

 

Brüssel görüşündən sonrakı proseslər gerçəkdənmi, ermənilərin dedikləri kimidir? 

 

Aİ və ABŞ-ın Ermənistana yardımları deyilən səviyyədə olacaq, yoxsa görüş əsnasında bağlı qapılar arxasında keçirilən müzakirələrdə hansısa konkret məsələlər barədə razılıq əldə olunub, həmin məqamlar geniş ictimaiyyətə açıqlanmır?

 

Suallar ritorik deyil və yaşanan prosesslər Brüsseldəki görüşün sonuclarının Cənubi Qafqazdakı siyasi, iqtisadi və s. proseslərə, xüsusilə də geosiyasi müstəvidəki olaylara ciddi təsir edəcəyini şərtləndirir.

 

Bürsseldəki müzakirələrə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Jozep Borrelin qatıldığını unutmayaq.

 

Panavropa siyasətində radikallaşmış libertarianlıq cərəyanının nümayəndəsi olan J.Borrelin mövqeyi yeniliyi ilə seçilmir: o, Avrasiya məkanında Rusiya Federasiyasının, İranın və Çinin təsir imkanlarının minimuma endirilməsinin, sözügedən dövlətlərin proseslərdə indiki kimi aktiv rolundan məhrum edilməsinin tərəfdarıdır.

 

Nikol Paşinyanla aparılmış danışıqlarda J.Borrel faktiki olaraq Fransa prezidenti Emmanuel Makronun nümayəndəsi funksiyasını yerinə yetirib.

 

E.Makron Ermənistana və ümumiyyətlə, ermənilərə "tam və total dəstək" vəd etdiyindən rəsmi İrəvan Brüssel görüşündə təhlükəsizliyinini təminatı və xüsusilə də silah-sursat, hərbi texnika alışları ilə bağlı ciddi saziş imzalanacağını gözləyirdi.

 

Borrelin müzakirələrə qatılmasının rəsmi izahı "Ermənistanın siyasi, ictimai və media məkanlarına kənardan aqressiv, kobud və təxribatçı müdaxilələrin qarşısının alınmasında İrəvana dəstək yollarının nəzərdən keçirilməsi" olsa da, reallıqda o, E.Makronun strateji planını tərəflərin nəzərinə çatdırmalı idi.

 

Birləşmiş Ştatlar və Avropa İttifaqı mövcud situasiyada Ermənistanın təhlükəsizliyinin təminatını birmənalı olaraq Rusiyaya meydan oxumaq, xüsusilə də İrəvanı aşkar formada silahdandırmaq variantlarının gerçəkləşdirilməsi kimi saymırlar.

 

Ermənistan dövlət müstəqilliyi əldə etdiyi ilk gündən Rusiyadan asılılıdır və həmin proses illər keçdikcə daha da güclənərək indiki vəziyyətə çatıb.

 

Ermənistanın sərhədlərini Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) sərhədçiləri qoruyur, Gümrüdə rusiyalıların 102-ci hərbi bazası var, erməni sosiumunda və siyasətində Rusiyadan asılı qüvvələrlə qruplar hələ zəifləməyib. Ermənistan iqtisadiyyatının ən önəmli sahələri ilə sektorlarının əksər hissəsinin Rusiyanın dövlət və özəl şirkətlərindən asılı olduğunu, ermənilərin ümumdaxili məhsul (ÜDM) və ümumsənaye məhsulu (ÜSM) ilə yanaşı, xarici ticarət və investisiyaların çeşidi baxımından Rusiyadan total asılılğığını da unutmayaq.

 

Ən nəhayət, məhz Rusiyanın aparıcı rol oynadığı Avrasiya İqtisadi Birliyi və Avrasiya Gömrük İttifaqına üzv olmasının yaratdığı preferensiyalar (MDB dövlətləri ilə ticari dövriyyədə ikiqat vergilərdən, rüsumlarlarla tədiyyələrin əksəriyyətindən azad olma, həmçinin Rusiyadan daxili qiymətlərlə elektroenerji, təbii qaz, yanacaq-sürtkü materialları, ərzaq və s.-nin alınması) Ermənistan iqtisadiyyatını kollapsdan qurtarmış əsas şərtlərdir.

 

Ukraynada hərbi əməliyyatlara başlayandan sonra Qərbin tətbiq etdiyi sanksiyalardan yayınmaq üçün Rusiyanın paralel ixrac məqsədilə istifadə etdiyi ölkələr arasında Ermənistanın da olduğunu nəzərə alsaq, rəsmi İrəvanın "son iki ildə əldə edilmiş böyük iqtisadi yüksəliş"inin əsl səbəbləri aşkarlanır.

 

Fransanın Ermənistanla bağlı bəyan etdiyi "Qərbə meyilli, tam suveren İrəvan" strategiyasının reallaşdırılması sadalanan səbəblərdən asan olmayacaq.

 

Ursula fon der Lyayen, Jozep Borrel və Emmauel Makronun bəyanatlarına rəğmən, Nikol Paşiyan administrasiyası yaxın müddətdə Rusiya ilə əlaqələri miniuma endirə bilməyəcək.

 

Qərbdən alınan təlimatların və əmrlərin gün keçdikcə sərtləşməsi təbii ki, İrəvanı çıxış yolları aramağa vadar edir.

 

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın son demarşı da Paşinyan administrasiyasının vurnuxmalarından xəbər verir.

 

A.Mirzoyan MDB ölkələrinin XİN başçılarının aprelin 12-də Minskdə keçiriləcək görüşünə qatılmaqdan imtina edib.

 

Ermənistan XİN bu demarşın səbəbini açıqlamasa da, aydındır ki, qərar rəsmi İrəvanın Moskvadan asılılığı azaltmaq, Avropa İttifaqına inteqrasiya olmaq istəyi ilə bağlıdır.

 

Beləliklə, Ermənistan hazırda MDB-ni ya tərk edən, ya da bu strukturun fəaliyyətində aktiv iştirak etməyən ölkələr sırasındadır. Rusiya ilə birbaşa hərbi münaqişələrdən sonra Gürcüstan və Ukrayna MDB-ni tərk ediblər. Moldova MDB-də üzvlükdən imtina etməsə də, təşkilatın fəaliyyətində iştirak etmir.

 

Bu gün isə Nikol Paşinyan Ermənistan parlamentində çıxış edərək Brüssel görüşündən sonra İrəvanın yürütdüyü siyasətə qismən də olsa, aydınlıq gətirib.

 

"Tavuşda sərhədin delimitasiyası Azərbaycanla yeni müharibənin qarşısını ala bilər", - N.Paşinyan deyib.

 

O bildirib ki, bununla belə, bu, yeni müharibənin olmayacağına zəmanət vermir: “Buna baxmayaraq, delimitasiya aparılmalıdır. Etiraf etmək çətindir, lakin bu, faktdır”.

 

N.Paşinyanın sözlərinə görə, Ermənistanın beynəlxalq miqyasda tanınmış sərhədlərinin müəyyənləşdirilməsi ölkənin təhlükəsizliyi üçün əsas amildir: “Mən buna 2022-ci ildə əmin oldum. Başa düşdüm ki, sərhədlərin müəyyənləşdirilməsi yaxın, orta və uzun müddətli perspektivdə təhlükəsizliyimiz üçün həlledicidir. Belə ki, 2022-ci ildən sonra siyasi-psixoloji proses başladı. Bunu real və tarixi Ermənistan arasında sərhədin müəyyənləşdirilməsi prosesi adlandırmaq olar”.

 

N.Paşinyan vurğulayıb ki, tarixi və real Ermənistan arasında ciddi ziddiyyətlər var: ““Tarixi” və real Ermənistan nəinki bir-birinə uyğun gəlmir, əksinə, çox vaxt bir-biri ilə düşmənçilik edir və bir-biri üçün ciddi təhlükələr yaradır”.

 

Fransanın və Avropa İttifaqının Ermənistandan MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sıralarını tərk etməsini israrla tələb etmələrini üstüörtülü şəkildə vurğulayan N.Paşinyan İrəvanın mövqeyini izah etməyə çalışıb: "KTMT sülhməramlılarının yerləşdirilməsi Ermənistanda marionet hökumətin yaradılmasına gətirib çıxarardı. KTMT müşahidəçiləri Ermənistanda müttəfiq yox, sülhməramlı kimi iştirak edəcəklər. Beləliklə, Ermənistan özünün təhlükəsizlik təminatları sistemindən kənarda qaldı".

 

O, Qərbin təzyiqlərinə məruz qaldığını və Rusiyadan ehtiyatlandığını da gizlətməyib: "ABŞ və Aİ gəlib Ermənistanın problemlərini həll etməyəcək. Süni olub-olmamasından asılı olmayaraq, hansısa müttəfiqlərin, qohumların gəlib problemlərimizi həll edəcəyi ilə bağlı gözləntilər yaradırıq. Biz bütün problemlərimizi həll etməliyik ki, düzəltmək və möhkəmləndirmək lazımdır. Rusiya ilə münasibətlərimizdə heç bir yanlış addım atmamışıq. Elə bir yer yoxdur ki, həmkarlarımız bizi öhdəliyimizi yerinə yetirməməkdə ittiham etsin. Təəssüf ki, əks hallar çoxdur".

 

Avropa İttifaqının Ermənistandakı Müşahidə-Monitorinq Missiyasının (EUMA) ölkədə fəaliyyət müddətinin daha 2 il uzadılmasının hazırda müzakirə olunduğunu vurğulayan N.Paşinyan bildirib ki, Aİ-nin müşahidəçi missiyasının Ermənistandakı mövcudluğunun daha iki il uzadılması məsələsi müzakirə olunur

 

Ümumiyyətlə, Ermənistan parlamentinin sərhədin delimitasiyası məsələsi ilə bağlı qapalı iclası olduqca gərgin keçib. Xarici işlər naziri Ararat Mirzoyan isə Nikol Paşinyanın təklif etdiyi tezisləri inadla müdafiə edərək xüsusi fəallıq nümayiş etdirib.

 

Bu barədə Ermənistanın "Joxovurd" qəzeti məlumat verib.

 

"Mirzoyan və Qriqoryanın cavablarından məlum olub ki, Ermənistan hakimiyyəti sərhədin delimitasiyası ilə bağlı işlərə nə vaxt başlanacağını və hansı xəritələrin əsas götürüləcəyini həqiqətən də bilmir. Parlament müxalifəti xüsusilə bəyan edib ki, 1993-cü il sentyabrın 24-də yaradılmış təmas xətti delimitasiya və demarkasiya üçün əsas götürülməlidir.

 

Proses başlamamış Azərbaycan sərhəd “təxribatları”ndan əl çəkməyə məcbur edilməlidir, əks halda Ermənistanın təzyiq altında delimitasiyaya razı olduğu üzə çıxacaq. Müxalifət onu də bəyan edib ki, heç bir halda referendum keçirilmədən Azərbaycana ərazi verilməməlidir. Mirzoyan və Qriqoryanın qaldırılan suallara cavabları qeyri-müəyyən olub", - məlumatda deyilir.

 

N.Paşinyanın müavini Mger Qriqoryan isə qeyd edib ki, yenidən belə bir görüşdə iştirak etməyə hazırdır. Sərhədin delimitasiyası ilə bağlı işlərin nə vaxt başlayacağı və hansı xəritələrin əsas götürüləcəyi hələ dəqiq bilinmir.

 

Ermənistan müxalifəti referendum olmadan delimitasiya prosesinin reallaşmasına qarşı çıxıb.

 

Dünən də Ermənistan Milli Assambleyasında müxalifətin təşəbbüsü ilə sərhədin delimitasiyası və demarkasiyası məsələlərinə həsr olunmuş qapalı iclas keçirilmişdi. Əsas çıxış edənlər xarici işlər naziri A.Mirzoyan və M.Qriqoryan olublar.

 

Ermənistan Qazaxın anklav olmayan 4 kəndinin (Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli) qaytarılması və sülh sazişinin imzalanması məsələsi ətrafında “sürüşkən” mövqeyinə qayıdıb. Ermənistanın Baş naziri Nikol Paşinyan ötən ay Tavuşa səfəri zamanı “kəndləri qaytarmasaq, müharibə olacaq” və “delimitasiyanı Tavuşdan başlaya bilərik” desə də, onun müavini, delimitasiya üzrə komissiyanın sədri Mger Qriqoryan dünən parlamentin qapalı iclasında bundan imtina edib.

 

Qriqoryan bildirib ki, delimitasiyanın Tavuşdan başlanması ilə bağlı yekun qərar yoxdur: “Həmin bölgədə delimitasiyaya başlamaq qərarı fundamental məsələlər üzrə konsensus əldə ediləcəyi təqdirdə verilə bilər. Bunlar təhlükəsizlik, sosial-məişət və hüquqi məsələlərdir”.

 

… Cənubi Qafqazdakı geosiyasi proseslərin məzmunu, axarı, amplitudası və gedişatının mümkün perspektivlərinə qismən də olsa, aydınlıq gəlir. Görünən budur ki, E.Makron və J.Borreldən şifahi şəkildə aldığı təhlükəsizlik təminatlarından vəcdə gələn N.Paşinyan eskalasiya yolunu seçərək sülh sazişinin imzalanmasına yönəlmiş prosesdə süni maneələr yaratmağa davam edəcək.

 

Bu isə region üçün çox ciddi risklər və çağırışlar deməkdir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.