ABŞ-ın vitse-prezidenti və prezidentliyinə namizəd Kamala Harris Milvaukidə keçirilən bir müzakirədə İsrailin soyqırımı törətdiyini “həqiqət” adlandırıb.
Bu barədə “Yerusəlim Post” yazıb.
Bildirilib ki, görüşdən yayılan videoda Viksonsin-Milvauki Universitetində tələbələrlə görüşü zamanı tələbələrdən birinin Qəzzadakı soyqırımı haqqında sualla Harrisin sözünü kəsdiyi görünür.
“Sizin danışmaq haqqınıza hörmət edirəm. Nədən danışdığınızı bilirəm. Mən atəşkəs istəyirəm. Müharibənin sona çatmasını istəyirəm”, - deyə Harris bildirib.
Daha sonra tələbə Harrisə doğru yaxınlaşaraq “Soyqırımı, elədirmi? Siz soyqırımına milyardlarla dollar xərclədiniz”, - deyə davam edib.
Bu zaman təhlükəsizlik əməkdaşları tələbəni zaldan çıxarmağa çalışıblar.
Harris isə “Dinləyin, onun danışdığı şey həqiqətdir. Bu gerçəkdir. Bu gün müzakirə etmək üçün gəldiyim mövzu deyil, amma bu həqiqətdir...”, - deyə onlara müdaxilə edib.
ABŞ-ın sabiq səfiri Devid Fridman “Nyu York Post”a bildirib ki, Harris bununla “İsrailin soyqırımı törətdiyi” ilə bağlı yayılan yalan ittihamı ictimai şəkildə təsdiqlədi.