Bundan əvvəlki araşdırmada qeyd etdiyimiz kimi, ötən ilin sonları Suriyada uzun illərdir hakimiyyətdə olan Əsəd rejimi devrildi. "Heyət Təhrir Əl-Şam" qruplaşmasının noyabrın 27-də başladığı sürətli hücum cəmi 12 gün sonra Bəşər Əsədin Suriyadan qaçması ilə nəticələndi.
Hazırda Suriyada yeni müvəqqəti hökumət qurulub. Region ölkələri də yeni hakimiyyətlə əlaqə qurmağa çalışır. Türkiyənin xarici işlər naziri Hakan Fidan Dəməşqə gedərək yeni hakimiyyətə dəstək ifadə edib və Suriyanın yenidən dirçəlməsinə dəstək veriləcəyini bəyan edib.
Azərbaycan da Suriyada hakimiyyətin devrilməsindən sonra yeni hakimiyyətlə ilk əlaqə quran ölkələrdən biri olub. Azərbaycan xarici işlər nazirinin müavini dekabrın son günlərində Suriyada olub və bu ölkənin xarici işlər naziri Əssad Həsən Əş-Şibani ilə görüşüb Azərbaycanın bu yeni yaranmış vacib mərhələdə Türkiyə ilə birlikdə Suriyanın yanında olduğu bildirilib.
Suriyanın bərpası prosesində ölkəmiz tərəfindən mümkün dəstəyin veriləcəyi bəyan olunub. Ertəsi gün Azərbaycanın Suriyaya ilk humanitar yardım karvanı yola düşüb. Yardım konvoyu 200 tona yaxın qida və ərzaq məhsullarını əhatə edir və 10 maşından ibarətdir.
Əsədin devrilməsi ən çox İranın maraqlarına zidd olub. İran illərlə Əsəd rejimini siyasi və hərbi cəhətdən dəstəkləyib, rejimi silah təmin edib. Suriyadakı İran tərəfdarı silahlı qruplaşmalar Tehranın regional nüzuzunu qorumaq üçün vacib rol oynayıb.
Ancaq rejimin süqutu İranın bu ölkədəki varlığına son qoyub. Qeyd edək ki, İranın Azərbaycana qarşı son təxribatlarının arxasında da bu məğlubiyyət dayanır. Bir neçə gün əvvəl rəsmi Bakı İran diplomatına sərt etiraz bildirib.
Açıq mənbələrdə olan məlumatlara görə, vətəndaş müharibəsinin başlamasından sonra İranın Suriyaya silah ixracı intensivləşib. "Fateh-110" və "Zülfüqar" tipli ballistik raketlər, "Shahed-136" və "Mohajer-6" tipli pilotsuz uçuş aparatları, artilleriya qurğuları, çoxlu sayda silah-sursat, texnika Suriya ordusunun istifadəsinə verilib. İran həmçinin Suriya rejiminin Sovetdən qalma tank və zirehli maşınlarını modernizasiya edib.
Tehran rejimi yalnız silah ixracı ilə kifayətlənməyib. Suriya daxilində bir sıra silah istehsalı müəssisələri qurulub, orada hazırlanan silahlar İranın regiondakı digər proksi qüvvələrinə, əsasən Hizbullah-a göndərilib.
Əsəd rejiminin devrilməsindən sonra İranın Suriyadakı silahlarının taleyi qeyri-müəyyən qalıb.
Modern.az-ın məlumatına görə, İranın Suriyadakı silahları ilə bağlı mətbuatda və teleqram kanallarında fərqli məluamtlar yayılıb.
Qərb mətbuatına görə, İran silahları Livandakı Hizbullah qruplaşmasına göndərilib.
Ancaq bır sıra erməni və farsdilli teleqram kanallarının verdiyi məlumata görə, İran Suriyadakı silah arsenalının bir hissəsini Ermənistana göndərməyi planlaşdırır. Silahların Ermənistana göndərilməsi ilə bağlı razılığın əldə olunduğu barədə də iddialar yayılıb.
Qeyd edək ki, İranın Ermənistanı dəstəkləməsi yeni bir hadisə deyil. Tehranın regionda anti-Azərbaycan siyasəti uzun illərdir davam edir. İran Ermənistanın iqtisadiyyatına və enerji sektoruna dəstək verir, bəzən bu yardımlarını ölkənin hərbi qabiliyyətlərinin gücləndirilməsinə istiqamətləndirir.
Suriyada Əsəd rejiminin devrilməsi regionda yeni siyasi reallıqlar yaradıb. İran və Ermənistan bu reallıqda məğlub tərəf, Azərbaycan və Türkiyə isə qalib tərəfdədir. Bu reallıqlar fonunda İranın Ermənistana göstərdiyi dəstək regionda yeni gərginliyə səbəb ola bilər.(Modern Təhlil və Araşdırma Qrupu)