Nizami Kino Mərkəzində 6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının açılışı olub.
Senzor.az bildirir ki, festivalda 13 ölkənin istehsalı olan filmlər nümayiş etdiriləcək.
Açılış mərasimində iştirak edən mədəniyyət nazirinin müavini Səadət Yusifova qeyd edib ki, festival çərçivəsində 20 tədbirin keçirilməsi və 60-dan çox animasiya filminin nümayişi nəzərdə tutulub.
“Keçirilən festivalın mövzusu “Qadın hüquqları”dır. Bilet satışlarından əldə olunacaq gəlir azərbaycanlı gənc qadın rejissorlara ianə ediləcək”, - deyə nazir müavini vurğulayıb.
Festival müsabiqə, müsabiqədənkənar və peşəkar proqramlardan ibarətdir. Müsabiqə proqramına iki yerli və iki beynəlxalq kateqoriya, “Tamaşaçı rəğbəti mükafatı” daxildir. Müsabiqə qaliblərinin seçimi beynəlxalq münsiflər heyəti və uşaq tamaşaçılar tərəfindən həyata keçirilir.
Müsabiqədənkənar proqramda tematik nümayişlərin, festivalın mövzusuna uyğun filmlərin və retrospektivlərin, dünyaca məşhur animasiya müəlliflərinin əsərlərinin nümayişləri nəzərdə tutulub.
Peşəkar proqram xarici və yerli animasiya mütəxəssislərinin ustad dərslərindən ibarətdir. Proqram çərçivəsində, həmçinin İsveçrə Əməkdaşlıq və İnkişaf Agentliyinin dəstəyi ilə “Women Rights Through Animated films” inkişaf vorkşopu və maliyyə proqramı keçiriləcək.
Qeyd edək ki, müsabiqə qaliblərinin seçimi 6 xarici mütəxəssisin də daxil olduğu beynəlxalq münsiflər heyəti tərəfindən aparılır. VI ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının xüsusi qonağı “Oskar” mükafatı qazanmış niderlandəsilli rejissor Maykl Dudo de Vitdir. Mədəniyyət Nazirliyinin dəstəyi və Azərbaycan Animasiya Assosiasiyası və “PERİ FİLM” MMC-nin təşkilatçılığı ilə uşaqlar və böyüklər üçün nəzərdə tutulmuş ənənəvi 6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı sentyabrın 10-dək Nizami Kino Mərkəzində keçiriləcək.