Azərbaycan Türkiyə və İsveçrə ilə birlikdə turizm sahəsində səfərlərin artırılması üçün layihələr həyata keçirə bilər.
Senzor.az xəbər verir ki, bu məsələ "Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" (ATAA) İctimai Birliyi ilə Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət, turizm və təbliğat müşaviri Muhittin Macid, o cümlədən Türkiyə Turizm Təbliğat və İnkişaf Agentliyinin Azərbaycan və Gürcüstan üzrə nümayəndəsi Serdar Keskin və Azərbaycan üzrə təmsilçisi Aynur Əlləzova ilə görüşdə müzakirə edilib.
Görüşdə iki ölkənin turizm qurumları arasında inkişaf etməkdə olan turizm əlaqələrinin genişləndirilməsi, əməkdaşlıq perspektivləri, turist mübadiləsinin artırılması məqsədilə tanıtım və təbliğat tədbirlərinin təşkili və digər məsələlər müzakirə olunub.
Həmçinin qarşılıqlı əməkdaşlıq imkanlarının dəyərləndirilməsi və turist cəlbediciliyinin artırılması məsələləri sentyabrın 8-də Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla İsveçrə turizm nümayəndəliyinin MDB ölkələri üzrə rəhbəri Natalia Vart arasında keçirilən görüşdə müzakirə olunub.
Müzakirələr zamanı turizm sahəsində ikitərəfli əlaqələrin formalaşdırılması, həm tibbi, həm də istirahət turizmi üzrə birgə iş birliyinin yaradılması, üzv şirkətlərlə əməkdaşlığın qurulması, eləcə də turist səfərlərinin sayının artırırması üçün B2B formatlı görüşlərin keçirilməsi, qarşılıqlı maraq doğuran layihələrin hazırlanması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.