Nazirlər Kabineti Azərbaycanın 2024-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, eləcə də, gələn il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında layihəni Prezident İlham Əliyevə təqdim edilməsi ilə bağlı qərar imzalayıb.
Bu barədə Senzor.az Nazirlər Kabinetinə istinadən xəbər verir.
Baş nazir Əli Əsədov tərəfindən imzalanan qərara əsasən, layihələr “Büdcə sistemi haqqında” Qanunun 12-ci maddəsində nəzərdə tutulan digər sənədlərlə birlikdə Azərbaycan Prezidentinə təqdim ediləcək.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycanın icmal büdcəsinin gəlirlərinin 38 milyard 578,1 milyon manat, xərclərinin isə 41 milyard 956,8 milyon manat olacağı gözlənilir. Bunlar, 2023-cü ilin təsdiq olunmuş proqnozları ilə müqayisədə müvafiq olaraq 10,4 % az və 1,7 % çoxdur.
Son nəticədə icmal büdcədə 3 milyard 378,7 milyon manat kəsir yaranmalıdır. Xatırladaq ki, builki proqnoza görə, icmal büdcənin profisiti 1 milyard 790,3 milyon manat səviyyəsində olacağı gözlənilir.
2024-cü ildə dövlət büdcəsinin gəlirlərinin 33 milyard 765 milyon manat, xərclərinin isə 36 milyard 355 milyon manat səviyyəsində proqnozlaşdırılır. Bunlar, 2023-cü ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 0,4 % və 0,7 % azdır. Son nəticədə dövlət büdcəsində 2 milyard 590 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 5,3 % azdır.
Azərbaycanın 2024-cü il üçün icmal və dövlət büdcələrinin layihələri hazırlanarkən "Azeri Light" markalı neftin 1 barelinin qiyməti 60 ABŞ dolları götürülüb.
Azərbaycan hökuməti 2024-cü ildə ÜDM-in artımını 2,4 % səviyyəsində, 2027-ci ildə artım tempinin 3,6 %-dək sürətlənməsini proqnozlaşdırır. 2024-cü ildə Azərbaycanda ÜDM-in nominal həcmi 118,4 milyard manat, real artım 2,4 % təşkil edəcək. Həmçinin, 2024-cü ildə qeyri neft-qaz ÜDM-in artımı 4,6 % səviyyəsində proqnozlaşdırılır, baxmayaraq ki, neft-qaz sektorunda azalma 1,7 % təşkil edəcək.
2024-2027-ci illərdə Azərbaycanda ÜDM-in orta illik artımı 2,9 % təşkil edəcək, həmçinin qeyri neft-qaz sektorunda 4,8 % səviyyəsində artım gözlənilir.
İqtisadiyyat Nazirliyi 2024-cü ildə orta illik inflyasiyanın 5,3 %-ə qədər azalmasını gözləyir. 2025-ci ildə orta illik inflyasiya 4,9 %, 2026-cı ildə 4,4 %, 2027-ci ildə 4,2 % səviyyəsində proqnozlaşdırılır.
2024-2027-ci illər üçün manatın dollara nisbətən məzənnəsi 1,7 AZN/$ səviyyəsində proqnozlaşdırılır.