Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru xanım Maimuna Mohd Şərifi qəbul edib.
Senzor.az xəbər verir ki, Prezident İlham Əliyev Maimuna Mohd Şərifin ölkəmizə səfərindən məmnunluğunu ifadə etdi.
Dövlətimizin başçısı İkinci Azərbaycan Milli Şəhərsalma Forumunun keçirilməsinin müsbət addım olduğunu dedi, ötən il Ağdam şəhərində birinci forumun uğurla təşkil edildiyini vurğuladı. Azərbaycan Prezidenti Zəngilanda keçiriləcək builki forumun gündəliyinin çox zəngin olduğunu bildirdi, bu tədbir çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin arxitektura və şəhərsalma üzrə nazirlərinin toplantısının baş tutacağını qeyd etdi.
Prezident İlham Əliyev Dünya Məskunlaşma Gününün də Azərbaycanda qeyd ediləcəyinin müsbət addım olduğunu dedi.
Maimuna Mohd Şərif ölkəmizin təşkilatın fəaliyyətinə göstərdiyi dəstəyi və verdiyi maliyyə yardımlarını müsbət addım kimi qiymətləndirdiyini diqqətə çatdırdı.
Prezident İlham Əliyev Təşkilatın fəaliyyətinin Azərbaycan dövləti tərəfindən bundan sonra da dəstəklənəcəyini qeyd etdi.
UN-HABITAT tərəfindən “ağıllı şəhər” konsepsiyasının müxtəlif aspektləri üzrə görülən işlər barədə məlumat verən qonaq ölkəmizin Dünya Məskunlaşma Günü ilə bağlı keçiriləcək tədbirə ev sahibliyi etməsinə görə minnətdarlığını bildirdi. O, Zəngilanda keçiriləcək İkinci Azərbaycan Milli Şəhərsalma Forumunun əhəmiyyətinə toxundu, bu tədbirin urbanizasiya ilə bağlı dünyada gedən proseslərin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi. Bu yaxınlarda Nyu-Yorkda Dayanıqlı İnkişaf Məqsədləri sammitində iştirakına toxunan Maimuna Mohd Şərif həmin tədbirdə iqlim dəyişikliyi və urbanizasiya məsələləri ilə bağlı geniş fikir mübadiləsinin aparıldığını və bu mövzuların Azərbaycanda həyata keçirilən işlərlə də sıx bağlı olduğunu vurğuladı.
İqlim dəyişikliyi və urbanizasiyanın Azərbaycan üçün çox mühüm məsələlər olduğunu bildirən dövlətimizin başçısı BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunun ölkəmizə keçənilki səfərindən ötən müddət ərzində işğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı yenidənqurma işlərinin həyata keçirildiyini bildirdi. Keçmiş məcburi köçkünlərin artıq 2 şəhər və 3 kəndə yerləşdirildiyini və bu prosesin davam etdirildiyini vurğulayan Prezident İlham Əliyev Maimuna Mohd Şərifin ölkəmizə səfəri zamanı bu sahədə gedən işlərlə yaxından tanış olacağına ümidvarlığını ifadə etdi.
İqlim dəyişikliyi məsələsinə toxunan Azərbaycan Prezidenti bərpaolunan enerji sahəsində ölkəmizdə görülən işlərin də bu məsələyə töhfə verdiyini vurğuladı, işğaldan azad edilmiş ərazilərimizdə 500 meqavata yaxın günəş və külək enerjisinin istehsalı ilə bağlı 2 layihənin icra olunduğunu bildirdi.
**15:02
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru xanım Maimuna Mohd Şərifi qəbul edib.
Bu barədə Senzor.az-a Prezidentin Mətbuat xidmətindən məlumat verilib.